...

ARDNŞ ilin sonunadək Astaradakı qaz-kompressor stansiyasının genişləndirilməsini başa çatdıracaq

Energetika Materials 28 Sentyabr 2010 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ İran istiqamətində qaz nəqlinin həcminin artırılması məqsədilə Astaradakı qaz-kompressor stansiyasının genişləndirilməsi üzrə işləri davam etdirir. Bu barədə çərşənbə axşamı neft-qaz bazarındakı mənbə bildirib.

"Stansiyanın genişləndirilməsi üzrə işlər cari ilin sonunadək başa çatacaq və hazırda işlər davam edir", - mənbə deyib.

Bundan əvvəl sənaye və energetika naziri Natiq Əliyevin dediyi kimi, hazırda Azərbaycandan İrana Naxçıvan Muxtar Respublikasının qaz tələbatlarının ödənilməsi üçün göndərilən 350-500 milyon kubmetr qaz tədarükünə imkan var. Lakin Azərbaycanın İrana ölkənin şimal əyalətlərinin qaza olan tələbatının ödənilməsi məqsədilə kommersiya tədarükü həyata keçirməyə imkanı var.

"Hazırda tərəflər arasında qaz infrastrukturunun buraxılış qabiliyyyətinin genişləndirilməsi üzrə işlər aparılır və yaxın vaxtlarda Azərbaycan İrana ildə bir milyard kubmetrə yaxın qaz tədarük edə bilər", - bundan əvvəl Əliyev deyib.

Payıza planlaşdırılan genişləndirmə işləri başa çatdıqdan sonra uzunmüddətli qaz tədarükü ilə əlaqədar müqavilənin bağlanması və qaz həcminin sutkada hazırkı 1,2 milyon kubmetrdən 3-3,5 milyon kubmetrdədək artırılması nəzərdə tutulub. Azərbaycan Naxçıvan Muxtar Respublikasının svop əməliyyatları çərçivəsində qazla təmin edilməsi üçün İrana qaz tədarük edir. Çünki NMR Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində blokada şəraitindədir.

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) İran tərəfi ilə uzunmüddətli sazişə nail olmaq üçün işlər görür. Lakin hətta böyükhəcmli qaz tədarükü istəyi olsa belə (İran tərəfi 5 milyard kubmetrədək Azərbaycan qazı almaq iqtidarında olduğunu bəyan edib), zəruri infrastrukturun olmaması qarşıya qoyulan məqsədlərə çatmaq imkanı vermir. İki ölkə arasında qaz kəməri infrastrukturunun texniki vəziyyəti hazırda cənub istiqamətində böyük həcmdə qaz nəql etməyə imkan vermir.

Xəbər lenti

Xəbər lenti