Bakı. Trend:
Özəl sektorun iştirakının genişləndirilməsi Azərbaycanda "yaşıl" enerjinin inkişafı üçün vacibdir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte Dünya Bankı Qrupunun dərc etdiyi Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatının (CCDR) təqdimatında deyib.
"Ölkə üzrə İqlim və İnkişaf Hesabatında bir sıra mühüm problemlər və ölkənin "yaşıl" enerjiyə keçidinə nail olmaq üçün bir çox imkanlar qeyd olunub. Hesabatın mühüm nəticələrindən bir çoxu ölkənin energetikasında özəl sektorun inkişafını vurğulayır", - deyə IFC nümayəndəsi qeyd edib.
Duarte Azərbaycanda bərpa olunan enerji mənbələrinin istehsalını təşviq etmək və enerji səmərəliliyini artırmaq üçün investisiyalardan istifadənin əhəmiyyətini vurğulayıb.
"Bunu birbaşa və ya dövlət-özəl tərəfdaşlığı vasitəsilə etmək mümkündür", - o deyib.
Duarte daha sonra Azərbaycan Mərkəzi Bankının (AMB) müxtəlif təşəbbüslər vasitəsilə davamlı maliyyələşdirmənin inkişafına və iqlim dəyişikliyi ilə əlaqədar problemlərin həllinə aktiv şəkildə imkan yaratdığını qeyd edib.
"Lakin inkişafın lazımi miqyasına nail olmaq üçün xüsusən bərpa olunan enerjiyə daha çox özəl investisiya lazımdır. Ölkə düzgün istiqamətdə hərəkət edir, lakin iqlim dəyişikliyi ilə əlaqədar risklərin yüngülləşdirilməsi üçün əlavə yardıma ehtiyacı var. Özəl sektorun inkişafı aşağı karbonlu gələcəyə keçid üçün həlledici əhəmiyyət kəsb edir", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Duarte Dünya Bankı Qrupunun Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatı (CCDR) dərc olunub. Hesabatda hökumətin iqtisadiyyatın şaxələndirilməsi üzrə məqsədlərinə cavab verən dekarbonizasiya və dayanıqlılığın artırılması üzrə tədbirlər işıqlandırılıb, həmçinin enerji sistemi və nəqliyyat, tikinti və sənaye kimi son istifadə sektorlarına, eləcə də su resursları və kənd təsərrüfatına xüsusi diqqət yetirilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)