...

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü (FOTO)

Siyasət Materials 5 Mart 2019 21:50 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Trend-in Xarici İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, nazir Elmar Məmmədyarovla Nazir Miroslav Layçak arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdirdilər.

Qonağı salamlayan nazir Elmar Məmmədyarov Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in mühüm rol oynadığını qeyd edərək, bu xüsusda üzv ölkələrin ərazisində mövcud olan və həlli uzadılmış münaqişələrin bu təhlükəsizliyə ciddi hədə olduğunu vurğuladı. Nazir Elmar Məmmədyarov fəaliyyətdə olan sədrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verdi. O, Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq bu kimi bəyanatların danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğuladı. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu söyləyən nazir, işğal edilmiş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməl daşı olduğunu və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunduğunu söylədi.

Öz növbəsində, Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə toxunaraq münaqişələr və onların humanitar nəticələrinin qarşısının alınması, vasitəçilik edilməsi və yumşaldılması məsələsinin bu sırada olduğunu qeyd etdi. Bu xüsusda, fəaliyyətdə olan sədr səfərinin münaqişə ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığını bildirdi.

Tərəflər, daha sonra Azərbaycan-ATƏT əməkdaşlığı gündəliyində duran bir sıra məsələləri müzakirə etdilər. ATƏT-in iqtisadi və ətraf mühit məsələlərindən ibarət ikinci ölçüsü üzrə əməkdaşlığın canlandırılması məsələsinə toxunan nazir Məmmədyarov bağlılıq məsələlərinə xüsusi diqqət ayrılmasını qeyd etdi. O, slovakiyalı həmkarına "Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu" üzrə keçirilən xarici işlər nazirlərinin dördtərəfli görüşü barəsində məlumat verdi.

ATƏT-in ikinci ölçüsü üzrə əmkdaşlığın inkişaf etdirilməsi fikrini dəstəkləyən fəaliyyətdə olan sədr bu xüsusda, ATƏT-in İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsini qeyd etdi.

Azərbaycan-Slovakiya münasibətlərinə toxunan nazirlər Slovakiyanın Baş nazirinin ölkəmizə həyata keçirdiyi son səfərinin nəticələrini yüksək qiymətləndirdilər. Bu xüsusda, slovakiyalı diplomat tezliklə ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin açılması ilə bağlı siyasi qərarını vurğulayaraq, bu qərarın ikitətəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini bildirdi.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti