Bakı.Trend:
Beynəlxalq KİV-də Afrika ölkələrinin mənfi işıqlandırılması qitə iqtisadiyyatlarına hər il təxminən 4 milyard ABŞ dolları məbləğində zərər vurur, çünki bu, investorların qavrayışını pisləşdirir və ölkə risklərinin qiymətləndirilməsini artırır.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Seneqaldan olan jurnalist Barka Ba Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans çərçivəsində KİV-ə müsahibəsində deyib.
"Uzun illər digər dövlətlərin əsarəti altında olmuş ölkələr öz narrativlərini və ictimai rəyi müstəqil şəkildə formalaşdırmaq hüququnu geri qaytarmalıdırlar. Bu günə qədər Afrika, ən azından Afrika ölkələrinin əksəriyyəti, tez-tez stereotiplərin hədəfinə çevrilir. Afrika haqqında danışarkən adətən münaqişələr, yoxsulluq və korrupsiyadan bəhs edilir. Məsələn, Keniyada keçirilən seçkilər zamanı bəzi KİV-lərdə dərc olunan materialların təxminən 88 faizi ölkəni mənfi planda təqdim edir və stereotiplərə əsaslanır", – deyə o bildirib.
Onun sözlərinə görə, Afrika ölkələri barədə əlverişsiz informasiya fonu onların maliyyə cəlb etmək, beynəlxalq kapital bazarlarına çıxış əldə etmək və suverenliklərini möhkəmləndirmək imkanlarına birbaşa təsir göstərir.
Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans Azərbaycanda ilk dəfə olaraq müstəmləkə altında olmuş və hazırda müstəmləkə statusunda olan ərazilərin media nümayəndələrinin iştirakı ilə təşkil edilən belə bir platformadır.
