...

Burkina Fasoda görmə qabiliyyətini itirmiş şəxslər Azərbaycan həkimləri tərəfindən əməliyyat olunub (FOTO)

Cəmiyyət Materials 21 May 2013 17:30 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində ötən ildən bəri İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyası cari ilin 4-10 may tarixlərində Burkina Fasoda baş tutub.
Burkina Fasoda görmə qabiliyyətini itirmiş şəxslər Azərbaycan həkimləri tərəfindən əməliyyat olunub (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend/

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində ötən ildən bəri İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirdiyi "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" kampaniyasının növbəti aksiyası cari ilin 4-10 may tarixlərində Burkina Fasoda baş tutub.

Agentlikdən Trend-ə verilən məlumata görə, AIDA-nın təşəbbüsü ilə ilk dəfə olaraq kampaniyada Azərbaycandan Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin iki oftalmoloq-cərrahı Emil Hüseynov və Məhərrəm Pirmətov iştirak edib və yüksək peşəkarlıq nümayiş etdirərək Afrika ölkələri üçün səciyyəvi olan çətin şəraitdə çoxsaylı uğurlu göz-katarakta əməliyyatları həyata keçiriblər. Belə ki, görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 65 insan Azərbaycan həkimləri tərəfindən əməliyyat edilərək öz sağlamlığına qovuşub.

Ümumilikdə bu humanitar aksiya ərzində ödənişsiz əsasda 1500-dən çox insan göz müayinəsindən keçib, 375 insanın isə göz əməliyyatları nəticəsində görmə qabiliyyəti bərpa edilib. Bununla yanaşı yerli oftalmoloqlar üçün ixtisasartırma təlimləri təşkil edilib.

Sözügedən humanitar aksiyada iştirak etmək məqsədilə AIDA-nın rəisi Əşrəf Şıxəliyev bu ölkəyə səfər edib. Səfər çərçivəsində Agentliyin rəisi Burkina Fasonun səhiyyə naziri, xarici işlər və regional əməkdaşlıq nazirinin müavini və İqtisadiyyat və Maliyyə Nazirliyinin baş katibi ilə görüşlər keçirib. Görüşlər zamanı qarşılıqlı maraq kəsb edən məsələlər müzkirə edilib, AIDA-nın fəaliyyət istiqaməti və həyata keçirdiyi proqramlar haqqında geniş məlumat verilib və Azərbaycan həkimlərinin ilk dəfə olaraq Burkina Fasoda həyata keçirilən kampaniya çərçivəsində işitrakı xüsusi olaraq qeyd edilib.

Azərbaycanın iştirak etdiyi bu humanitar aksiya Burkina Fasonun kütləvi informasiya vasitələrində işıqlandırılıb və mövzuya ölkənin aparıcı qəzetləində geniş yer ayrılıb.

AIDA və İslam İnkişaf Bankı tərəfindən oxşar birgə humanitar aksiyaların cari il ərzində Afrikanın Benin, Çad, Kamerun, Cibuti, Qvineya, Mali və Niger kimi ölkələrində də keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti