Bakı. Trend:
Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin birgə əməkdaşlıq çərçivəsində Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün cari ilin 10-30 noyabr tarixlərində həyata keçirdiyi “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursu başa çatıb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 16 ölkədən (Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanmar, Nepal, Pakistan, Somali, Toqo və Vyetnam) olan diplomatların iştirak etdiyi proqramda dünya siyasəti, beynəlxalq hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq (Azərbaycanın tarixi, geosiyasəti, enerji diplomatiyası, nəqliyyat-tranzit infrastrukturu, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və s.) kimi mövzuları əhatə edən mühazirələr, işçi seminarlar təşkil edilib. Həmçinin proqram çərçivəsində əcnəbi diplomatlar Milli Məclis, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, “ASAN xidmət” mərkəzi, Səngəçal neft terminalı, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olublar.
Proqramın bağlanış mərasimində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev iştirakçılar ilə görüşüb və onlara proqramı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim edib. Əcnəbi diplomatlar proqram haqqında müsbət təəssüratlarını bölüşərək, Azərbaycanı yaxından tanımaqdan xüsusi məmnun olduqlarını və burada əldə etdikləri bilik və bacarığın, təcrübənin onların gələcək fəaliyyəti üçün faydalı olacağını bildiriblər.
Məlumat üçün qeyd edək ki, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency – AIDA) 2011-ci ildə təsis edilib. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikası tərəfindən göstərilən beynəlxalq yardımların əlaqələndirilməsi və xarici ölkələr üçün humanitar və inkişafa yardım layihələrinin həyata keçirilməsidir.