...

Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2018 18:57 (UTC +04:00)
Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Varşava Universitetində yaradılmış Azərbaycanşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib.
Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub (FOTO)

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə Varşava Universitetində yaradılmış Azərbaycanşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirakçıları salamlayaraq, Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının önəmini qeyd edib, eyni zamanda ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişaf etdiyini və bundan sonra da uğurla inkişaf edəcəyini vurğulayıb.

Tədbirdə həmçinin, Varşava Universitetinin Şərqşünaslıq Fakültəsinin dekanı Poitr Taraxa və Türkologiya və Orta Asiya Xalqları kafedrasının rəhbəri xanım Aqata Bareya çıxış edib və 2013-cü ildən etibarən AİDA-nın dəstəyi ilə Varşava Universitetində həyata keçirilən Azərbaycan dili və mədəniyyətinin tədrisinin uğurlu nəticə verdiyini və məhz bu səbəbdən Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının bunun əhəmiyyətli davamı olduğunu bildiriblər.

Bununla yanaşı, açılış mərasimində Azərbaycan dili və mədəniyyəti tədris proqramının rəhbəri, Şəhla Kazımova, AMEA Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov və AİDA-nın direktor müavini xanım Aliyə Ağazadə də çıxış edib. A. Ağazadə AİDA barədə iştirakçılara geniş məlumat verib, həmçinin qeyd edib ki, vaxtilə Azərbaycana yardım göstərilirdi, amma artıq Azərbaycan beynəlxalq aləmdə yeni simada - donor ölkəsi kimi çıxış edir, dünyanın müxtəlif bölgələrində baş vermiş təbii və insan tərəfindən törədilmiş fəlakətlərə, eyni zamanda iqtisadi çətinliklərlə üzləşmiş ölkələrə yardım əlini uzadır.

Tədbirdə həmçinin, Mərkəzin əməkdaşı Nərgiz Axundova Azərbaycan-Polşa tarixi əlaqələri, eyni zamanda, Mərkəzin məqsəd və fəaliyyətinə həsr edilmiş geniş təqdimat ilə çıxış edib.

Açılışda Varşava Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin dekanı, Şərqşünaslıq fakültəsinin professorları, azərbaycanlı və polyak tələbələr, həmçinin Polşalı diplomatlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti