...

"Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2015 20:59 (UTC +04:00)
Yevlaxda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib.
"Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyan istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans oktyabrın 23-də Yevlaxda keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Xidmətin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının etibarlı qorunmasında maarifləndirmənin əhəmiyyətini vurğulayaraq, Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində gündəlik istehlakda geniş istifadə olunan müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının istehlak xassələri və mal alarkən istehlakçıların nələrə diqqət etməsi, o cümlədən ticarət, ictimai-iaşə və digər xidmət sahələrində istehlakçıların bilməli olduqları məsələlərlə bağlı 34 adda maarifləndirici məlumat müxtəlif kütləvi informasiya vasitələrində yayımlanıb. Bu ilin 9 ayında istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 63 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 5240 yaddaş kitabçası hazırlanaraq paylanıb. Bundan başqa, sahibkarların, istehlakçıların iştirakı ilə görüşlər, "dəyirmi masa"lar təşkil olunur.

Tədbirdə, həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti