İlin əvvəlində də açıqladığımız kimi, PAŞA Holding PAŞA Bankın ilkin kütləvi təklifini (IPO) həyata keçirməyi planlaşdırır. Bu addım Azərbaycanın maliyyə tarixində mühüm bir mərhələdir - belə ki, ilk dəfə olaraq ölkədə özəl bank və özəl sektorun nümayəndəsi səhmlərini açıq bazara çıxarır. Planlaşdırılan IPO PAŞA Holding-in inkişaf yolunda növbəti strateji mərhələ olmaqla yanaşı, həm uzaqgörən yanaşmanın, həm də düşünülmüş və davamlı artıma əsaslanan qərarların nəticəsidir.
“Tariximizdə ilk dəfə olaraq əsas aktivlərimizdən biri olan PAŞA Bankı açıq bazara çıxarmağa hazırlaşırıq. Bu, təkcə Qrupumuz üçün deyil, ümumilikdə ölkənin özəl sektoru üçün yeni bir mərhələnin başlanğıcıdır.” - PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov bildirib. Onun sözlərinə görə, bu qərarın əsasında həm strateji zərurət, həm də uzunmüddətli baxış dayanır: “Əslində IPO ilk növbədə kapital deməkdir. Bu addım banka inkişaf tempini qorumağa və real sektorun maliyyələşdirilməsində rolunu daha da gücləndirməyə imkan verəcək. İllər ərzində biz bölüşdürülməmiş mənfəət və səhmdar dəstəyi ilə möhkəm təməl qurmuşuq. İndi isə inkişafın növbəti mərhələsini bazara açırıq.”
IPO-nun yalnız maliyyə baxımından deyil, idarəetmə baxımından da əhəmiyyətli olduğu vurğulanır: “Biz həm də bazarın bankımızı necə qiymətləndirdiyini görmək və bu qiymətləndirmənin gətirdiyi intizamı qəbul etmək istəyirik. Açıq şirkət olmaq daha yüksək şəffaflıq, hesabatlılıq və ciddi idarəetmə standartları deməkdir. Bunlar bizim üçün sadəcə tələb deyil, şüurlu şəkildə seçdiyimiz prinsiplərdir. Zamanla qrupumuz daxilində digər aktivlərin də IPO yolu ilə birjada yerləşdirilməsini nəzərdə tuturuq” – cənab Qasımov bildirib.
PAŞA Holding bu addımın ölkənin kapital bazarlarının inkişafı baxımından da mühüm rol oynayacağını qeyd edir: “Sağlam maliyyə mühiti üçün həm investorlar, həm də bazara çıxmağa hazır şirkətlər olmalıdır. Biz bu rolu üzərimizə götürməyə hazırıq - təkcə öz inkişafımız üçün deyil, həm də iqtisadiyyatın daha dinamik və şaxələndirilmiş şəkildə inkişafına töhfə vermək üçün. Bu kimi mühüm mərhələnin PASHA Holding MMC-nin 20 illik yubileyinə təsadüf etməsi mənim üçün xüsusilə önəm kəsb edir. Belə ki, bu addım bizim inkişaf yolumuzda yeni bir səhifənin başlanğıcını ifadə edir və səhmdarlarımızın “böyümədən paylaşmağa” hədəflərinə töhfə verir.” – Cəlal Qasımov bildirib.
2006-cı ildə təsis olunmuş PAŞA Holding bu gün bankçılıq, sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən ölkənin aparıcı biznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyard ABŞ dollarını aşan aktivləri ilə Holdingin beynəlxalq fəaliyyəti də genişlənməkdədir. Hazırda PAŞA Holding Azərbaycan, Özbəkistan, Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-da fəaliyyət göstərir.
