...

"Paşa Bank" şirkətlərin səhmlərinin ilkin yerləşdirilməsinin hazırlığına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2012 14:03 (UTC +04:00)
"Paşa Bank" ASC 2013-cü ildə şirkətlərin səhmlərinin ilkin yerləşdirilməsini həyata keçirməyə hazırlaşır.
"Paşa Bank" şirkətlərin səhmlərinin ilkin yerləşdirilməsinin hazırlığına başlayıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İ.Xəlilova/

"Paşa Bank" ASC 2013-cü ildə şirkətlərin səhmlərinin ilkin yerləşdirilməsini həyata keçirməyə hazırlaşır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə bankın İdarə Heyətinin sədri Fərid Axundov deyib.

"Biz IPO-nun keçirilməsində fəal iştirak etmək istəyirik. Hazırda danışıqlar aparılır və müştərlərimizin bu prosesə (səhmlərin açıq satışına) hazırlığı gedir. Yerləşdirmə Bakı Fond birjası vasitəsilə aparılacaq", - Axundov qeyd edib.

Onun sözlərinə görə, marketmeyker xidmətləri bankın büdcəsinin vacib müddəasıdır. "Paşa Bank" qiymətli kağızlar bazarında korporativ istiqrazlar və dövlət qiymətli kağızları ilə aparılan əməliyyatlara aktivlərinin 40 faizindən çoxunu ayırır.

"Bu, bizim üçün fəaliyyətin çox vacib istiqamətidir", - bankın rəhbəri bildirib.

"Paşa Bank" digər banklar kimi ARDNŞ-nin korporativ istiqrazlarının yerləşdirilməsində iştirak etməyə maraq göstərir.

"Söhbət 500 milyon manat həcmində böyük buraxılışdan gedir ki, bunun öhdəsindən bir bank gələ bilməz, lakin biz bunu digər banklarla birlikdə etməkdə maraqlıyıq. Həmin banklarla əməkdaşlıq təcrübəmiz var", - Axundov deyib.

"Paşa Bank" artıq "Unibank" və "Bank of Baku"nun korporativ istiqrazlarının yerləşdirilməsində marketmeyker xidmətləri göstərib, hazırda digər şirkətlər və maliyyə institutları ilə danışıqlar aparılır.

"Fikrimcə, biz digər banklarla birlikdə Azərbaycanda və xaricdə ARDNŞ üçün böyük buraxılışın anderrayteri rolunu yerinə yetirmək iqtidarındayıq" , - Axundov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti