Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A.Axundov/
İstanbul Fond Birjası Azərbaycan şirkətlərini Türkiyədə IPO (birinci ictimai təklif) keçirməyə dəvət edir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında birjanın vitse-prezidenti Mustafa Baltacı bildirib.
Baltacı hesab edir: "Məsələn, əgər şirkət IPO-ya öz səhmlərinin 10 faizini çıxarmağı planlaşdırırsa, biz onun 7-8 faizini İstanbul birjasında, qalan hissəsini isə Bakıda satmağı məsləhət görürük. Bu, Azərbaycanın daxili bazarının inkişafı üçün vacibdir. Hələlik Azərbaycan bazarı böyük həcmdə səhmləri həzm etməyə hazır deyil".
Onun sözlərinə görə, İstanbul birjasında IPO vasitəsilə investisiyaya böyük tələbat var, buna görə də Azərbaycan şirkətlərinin vəsaitlərin cəlb edilməsi ilə bağlı problemləri olmayacaq.
Vitse-prezidentin sözlərinə görə, keçən il birjada 26 IPO uğrula keçirilib: "İstanbul Fond Birjasının gündəlik dövriyyəsi 1,8 milyard ABŞ dolları təşkil edir".