Azərbaycan, Bakı, 27 may /Trend/
Azərbaycanın broker bazarının liderlərindən biri olan PAŞA Kapital, "EMEA Finance" beynəlxalq maliyyə jurnalının 2013-cü il yekunlarına əsasən "Azərbaycanda ən yaxşı broker" mükafatına layiq görülüb.
Trend bankın çərşənbə axşamı yaydığı xəbərə istinadən məlumat verir ki, mükafatın təntənəli təqdimat mərasimi "Europe Banking Awards 2013" çərçivəsində Varşavada (Polşa) keçirilib.
PAŞA Kapitalın Direktoru Ceyhun Hacıyevin sözlərinə görə, yaradıldığı andan günümüzə kimi, şirkət kapital bazarının bütün sahələrində vəsaitlərin səmərəli şəkildə idarə olunmasında yerli və xarici investorları maksimum səviyyədə dəstəklənməsini təmin edir.
"2013-cü ildə şirkət ümumi dəyəri 41,1 milyon AZN (təxminən 53 milyon ABŞ dolları) olan 6 korporativ istiqraz buraxılışında yerləşdirmə agenti rolundauğurla çıxış etdi. Yerli bazarın tələblərinə və biznes mühitinə yaxşı bələd olması nəticəsində PAŞA Kapital qısa müddət ərzində bazarda kifayət qədər rəqabətə davamlı olmağı və sadiq müştərilər cəlb etməyi bacardı. Bundan başqa, şirkət investisiya imkanları ilə bağlı yerli bazarın maarifləndirilməsində aktiv şəkildə iştirak etmişdir. 2013-cü ilin 7 ayı ərzində PAŞA Kapital bazarda mövcud olan 11 aktiv broker şirkətin reytinq cədvəlində lider mövqeyini qoruyub saxlaya bilmişdir. Buna sübut olaraq 2013-cü ildə PAŞA Kapital əməliyyatlarının ümumi dövriyyəsinin təxminən 2,15 milyard AZN (təxminən 2,74 milyard ABŞ dollar) təşkil etməsini göstərmək olar. Bu əməliyyatlardan təxminən 746 milyon AZN (təxminən 951 milyon ABŞ dolları) məbləği yerli korporativ və dövlət qiymətli kağızlarla əməliyyatlara və 1,4 milyard AZN (təxminən 1,79 milyard ABŞ dolları) məbləği REPO/əks-REPO əməliyyatlarına aiddir. Azərbaycanın broker şirkətləri arasında bu mükafata ilk dəfə layiq görülməyimizdən son dərəcə qürurluyuq. Bu bizim gələcək fəaliyyətimiz üçün əlavə stimula çevriləcək. PAŞA Kapitalın nailiyyətlərinə sərhədlərimizdən kənarda maraq göstərilməsi çox müsbət faktdır. Mən bu nailiyyəti əməkdaşlarımızın yüksək peşəkarlıq səviyyəsinin və tərəfdaşlarımızın bizə etibarının nəticəsi kimi qiymətləndirirəm", - deyə C. Hacıyev bildirmişdir.
Xatırladırıq ki, "Europe Banking Awards"un bütün qalibləri, dünyanın aparıcı ekspertləri - maliyyə sənayesinin analitikləri və məsləhətçilərinin iştirak etdiyi səsvermənin nəticələrinə görə müəyyən edilir.
PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də; kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və beş filial ilə təmsil olunan PAŞA Bankda 268 əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.