Bakı. Trend:
2025-ci ildə 22 startapa ümumilikdə 2 622 500 ABŞ dolları həcmində investisiya cəlb edilib.
Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bu gün rəhbərlik etdiyi qurumun illik fəaliyyətinə dair mətbuat konfransında deyib.
O bildirib ki, agentliyin 5 prioritet istiqamətindən biri məhz startapların maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasıdır:
"Bu istiqamətdə kifayət qədər çətinlik görürük. Xüsusilə də erkən mərhələdə olan startapların maliyyə əlçatanlığının artırılmasında təşviq mexanizmlərinə daha çox diqqət yetirilməlidir. Hesabat dövründə agentliyin birbaşa və ya dolayısı iştirakı ilə 3 vençur fond formalaşdırılıb. Bu fondlar, eləcə də beynəlxalq fondlar vasitəsilə startaplara maliyyə vəsaiti ayrılır. Bəli, maliyyə vəsaiti həcmi qənaətbəxş deyil. Bu istiqamətdə işlər aparılır. Beynəlxalq vençur fondları ilə əməkdaşlıq edirik. Eyni zamanda ölkəmizdə daha çox startapçıların formalaşdırılması, yeni fikir, ideyaların, eyni zamanda startapların cəlbediciliyinin artırılması üzrə işlər aparılır".
"Burada əsas çətinliyi qanunvericilik tərəfində görürük. Biz daha çox vençur fəaliyyəti istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyacın olduğunu görürük. Düşünürük ki, bu il bu istiqamətdə müvafiq qanunvericiliyin qəbulu və təkmilləşdirilməsinin və bundan sonra rəqəmlərin sürətlə artımının şahidi olacağıq", - sədr qeyd edib.
