...

Dövlət və özəl qurumların iştirakı ilə növbəti ictimai müzakirə audit və qiymətləndirmə fəaliyyətinə həsr olunub

İqtisadiyyat Materials 31 İyul 2023 12:49 (UTC +04:00)

Bakı.Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Audit və qiymətləndirmə fəaliyyəti” mövzusunda ictimai müzakirə təşkil olunub.

Agentlikdən Trend-ə verilən məlumata görə, tədbirdə müvafiq dövlət qurumlarının, biznes assosiasiyaların nümayəndələri və sahibkarlar iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov şəffaflığın təmin olunmasında müstəqil audit və qiymətləndirmənin xüsusi rol oynadığını, ictimai müzakirənin bu sahədə fəaliyyət göstərən KOB subyektlərinin gözləntilərinin və qarşılaşdıqları çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov audit və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan KOB subyektlərinin Agentliyin bir sıra dəstək və xidmətlərindən istifadə etdiyini qeyd edib. Bildirilib ki, Agentlik tərəfindən KOB-ların uçot və hesabatlılığını sadələşdirən proqram təminatı layihəsinə qrant vəsaiti ayrılıb, onlayn mühasibat uçotu proqramına "Startap" şəhadətnaməsi verilib. Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən KOB-lar üçün mütəmadi olaraq vergi, maliyyə və qeyri-maliyyə, uçot qaydaları mövzularında təlim və məsləhət xidmətləri göstərilir. KOBİA sədri beynəlxalq qiymətləndirmə standartlarının təbliği və qiymətləndiricilərin bu sahədə maarifləndirilməsi üçün tədbirlərin keçirilməsi, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun təkmilləşdirilməsi barədə fikirlərini də diqqətə çatdırıb. Qeyd edilib ki, hesabatlarında uyğunsuzluq aşkar edilən vergi ödəyicilərinin əksəriyyəti mikro və kiçik sahibkarlardır. Bu onların müvafiq sahədə bilik və bacarıqlarının istənilən səviyyədə olmamasından, hesabat prosesinə peşəkar mühasibləri və auditorları cəlb edə bilməmələrindən irəli gəlir. Belə halda sahibkarlara dəstək göstərilməli, eyni zamanda uçot və hesabat formaları daha da sadələşdirilməlidir. Auditin inkişafı və mövcud problemlər barədə KİV-də tanıtım materiallarının verilməsi və müzakirələrin keçirilməsi də KOB-ların bu sahədə maarifləndirilməsinə dəstək ola bilər. Peşəkar audit və qiymətləndiricilərin yetişdirilməsi üzrə kursların və tədris proqramlarının hazırlanması müvafiq sahədə keyfiyyət göstəricilərinin yüksəlməsinə təkan verəcəkdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov şəffaflığın artırılmasında auditin rolunun yüksəldilməsi, auditor xidmətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq audit standartlarının tam tətbiqinə keçilməsi, daxili audit xidmətinin və auditorların fəaliyyətinə dair nəzarət sistemlərinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Oruc müvafiq sahədə mövcud vəziyyət, ictimai birliyin fəaliyyəti barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində audit və qiymətləndirmə fəaliyyətinin biznesin inkişafında rolu və bu fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti