...

Azərbaycanda toyuq ətinin qiyməti artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2007 18:59 (UTC +04:00)
Azərbaycanda toyuq ətinin qiyməti artır

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov, S.Babayeva/ Sentyabrın ikinci yarısından etibarən , Gəncə şəhərinin bazarlarında toyuq ətinin qiyməti 15-17% artmaqla, 1 kiloqram üçün 3,5 manat təşkil edib. Yumurtanın qiyməti 17 qəpiyədək artıb. Satıcılar qiymətlərdə artımın Gəncədə vaxtaşırı keçirilən yarmarkadan sonra müşahidə olunduğunu bildirirlər.

"Yarmarkada öz məhsullarını maya dəyərindən də aşağı satmağa məcbur edilmiş istehsalçılar, ziyanı ödəmək üçün bir müddətdən sonra qiymətləri qaldırırlar"- deyə satıcı bildirib.

İqtisadi apaşdırmalar mərkəzinin rəhbəri Qubad İbadoğlunun fikrincə, toyuq ətinin qiymətinin artmasının digər səbəbləri də var.

"Quşçuluq üzərində nəzarəti ələ alan şirkətlərin assosiasiyada birləşməsi və öz arzularına uyğun olaraq qiymətlərin təyin edilməsi inhisarın əlamətləridir. Bundan əlavə, bazara, quş yeminin dəyərinin iki dəfə artması kimi mühüm faktor təsir göstərə bilər" - deyə İbadoğlu bildirib.

Quşçuların Respublika Cəmiyyətinə 29 müssisə daxildir (Mərdəkan Broyler, Siyəzən Broyler, Dəvəçi Boryler, Zirə Broyler, Arco Co, İmişli Broyler, Şəmkir Broyler). Onlardan 28-i quşçuluq, yalnız biri isə baytarlıq dərman preparatlarının distribyutorudur.

Çərşənbə axşamı Quşçuların Respulika Cəmiyyətinin rəhbəri Aydın Vəliyevin verdiyi məlumata görə, toyuq ətinin qiymətinin qalxmasının səbəbi 90%-i xaricdən, əsasən, Rusiya, Türkiyə, İrandan alınan quş yeminin qiymətinin artması ilə əlaqədardır.

"Ötən illə müqayisədə artım (yemin qiymətinin) demək olar ki, 50% təşkil edib" - deyə Vəliyev bildirib.

Bu problemin həlli üçün Quşçuların Respulika Cəmiyyəti hökumətə, idxal olunan yemə görə ƏDV-in ləğv edilməsi ilə bağlı, müraciət edib. Nazirlər Kabineti bu məsələ ilə əlaqəlar qərarını hələ açıqlamayıb.

"Müəssisələr zərərlə işləyir, kiçik quşçuluq təsərrüfatları bağlanıb, iri müəssisələr isə, ləğv olunmaq üzrədir" - deyə o bildirib. Vəliyev hesab edir ki, ƏDV-in ləğv edilməsi yerli quş məhsullarının qiymət artımının qarşısını almaq üçün yeganə vasitədir.

Azərbyacanda quşçuluq sahəsində 15-20 min nəfər çalışır.

Xəbər lenti

Xəbər lenti