...

Müxalifətin əməkdaşlıq qurumu seçki blokuna çevrilməyəcək

Cəmiyyət Materials 19 Fevral 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir S.İlhamqızı/ Müxalifət partiyalarının təmsil olunduğu Demokratik Seçki Mərkəzi seçki blokuna çevrilməyəcək. Bu barədə Trend ə mərkəzdə təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu açıqlama verib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. 20-dək müxalifət partiyası ötən ilin dekabrında əməkdaşlıq haqqında saziş imzalayıb, bu sənədlə prezident seçkisi dövründə bir-birinin əleyhinə kampaniya aparmamağa dair öhdəlik götürüblər.

Sazişi imzalayan partiyalardan doqquzu - Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar Partiyası "Demokratik Seçki Mərkəzinin" yaradılması barədə qərar qəbul edib.

Onun sözlərinə görə, bu qurum qarşıdan gələn prezident seçkisinin azad, demokratik keçirilməsi üçün siyasi partiyaların fəaliyyətini koordinasiya edəcək, onların əməkdaşlığını yaradacaq.

"Demokratik Seçki Mərkəzi seçki blokuna çevrilə bilməz, çünki burada prezidentliyə namizədliyini irəli sürmək iddiasında olan bir neçə nəfər var. Buna görə də bu partiyalar konret bir nəfərin, vahid namizədin ətrafında birləşməyəcək"-deyə Mirəlioğlu bildirib.

O, əlavə edib ki, Demokratik Seçki Mərkəzi prezident seçkisinə qədər fəaliyyətini məşvərət qurumu kimi davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti