...

Türkdilli ölkələrin Parlament Assambleyasının koordinatorları Ankarada görüşəcəklər

Siyasət Materials 27 Fevral 2008 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral/ Trend , müxbir İ.Əlizadə/ Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılmasına son hazırlıq, bununla bağlı imzalanacaq sazişin və digər sənədlərin razılaşdırılması məsələləri martın sonunda Ankarada müzakirə olunacaq. "Ankarada türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması üzrə milli katiblərin görüşü keçiriləcək" - deyə çərşənbə günü Trend a açıqlamasında Milli Məclis rəhbərliyi katibliyinin rəisi, Parlament Assambleyasının yaradılması üzrə milli katib Səyyad Ələsgərov məlumat verib.

Onun sözlərinə görə, Parlament Assambleyasının yaradılması üçün görülən işlər yekunlaşmaq üzrədir.

Türkdilli dövlətlərin Parlamentlərarası Şurasının fevralın 21-22-də Antalyada keçirilən ilk toplantısında Parlament Assambleyasının yaradılması haqqında razılıq əldə olunub və niyyət protokolu imzalanıb. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirak ediblər. Assambleyanın yaradılması haqda sənədin parlament pəhbərləri tərəfindən imzalanması qərara alınıb.

Bir sıra türkdilli ölkələrin parlamentlərinin üzv olacağı bu Şuranın yaradılmasında məqsəd türkdilli ölkələr arasında parlamentlər birliyi şəklində ortaq bir mexanizmin qurulmasına və qarşılıqlı münasibətləri gücləndirərək siyasi baxışların uyğunlaşdırılmasına, təcrübə mübadiləsinə, birgə layihələrin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.

Antalyada imzalanan niyyət protokoluna əsasən, türkdilli ölkələrin Parlament Assambleyasının toplantıları ildə bir dəfədən az olmayaraq keçiriləcək. Assambleyanın katibliyi isə hələlik Türkiyədə yerləşəcək. Toplantıda katibliyin Azərbaycanda yerləşməsi də təklif olunub. Bununla bağlı müzakirələr davam etdiriləcək.

Parlament Assambleyasına sədrlik növbəlilik və əlifba sırası ilə həyata keçiriləcək, səlahiyyət müddəti isə bir il olacaq. Qurumun iclasları sədrliyi həyata keçirən ölkədə baş tutacaq. Parlament Assambleyasının işçi dili isə qurumda təmsil olunan ölkənin işçi dili olacaq.

Assambleyada hər bir ölkədən eyni sayda deputat iştirak edəcək. Müzakirə olunan məsələnin əhəmiyyətindən asılı olaraq deputatların sayı müəyyənləşdiriləcək.

Ələsgərov qeyd edib ki, mayın sonunda Ankarada Türkdilli ölkələrin parlament sədrlərinin toplantısının keçirilməsi planlaşdırılıb.

Toplantıda türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması haqda sənədin imzalanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti