...

AŞPA rəhbəri: Qondarma "erməni soyqırımı"nın kriminallaşdırılmasına dair qanun layihəsi insanı söz azadlığından məhrum edir

Siyasət Materials 12 Yanvar 2012 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend, müxbir A.Tağıyeva /

Fransa parlamenti tərəfindən qondarma "erməni soyqırımı" barədə qanun layihəsinə baxılması insanı onun əsas hüququ olan söz azadlığından məhrum etməsinə nümunədir. Trend-in Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyə Fransanın bu qanun layihəsini qəbul etməsinə yol verməmək üçün tədbirlər görməlidir və ən uğurlu üsul mədəniyyətlərarası və dinlərarası dialoqun aparılması olacaq.

Dekabrın 22-də Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa Parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si əleyhinə səs verib.
Yeni qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yanvarın 23-də bu qanun layihəsinin yenidən müzakirəyə çıxarılacağı gözlənilir.

Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti