Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Qərbin Ukrayna hadisələrinin öz ziyanına çevrilməsi fonunda da belə bu hadisələrdən əl çəkməməsi yeni geosiyasi bölgü ilə əlaqəlidir. Bəlkə də yeni geosiyasi bölgüdən narazıdırlar. Rusiya Suriyanı Qərbin əlindən çıxardı. Tamamilə öz təsir zonasına keçirdi. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, ona görə Qərb Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindədir: "Ukrayna hadisələri davam edir. Rusiya resurslarının çoxunu Ukrayna hadisələrinə sərf edir. MDB-nin və dünyanın digər regionlarında isə Rusiyaya qarşı yeni cəbhələr açılır və Rusiya MDB-də müəyyən qədər maraqlarından geri çəkilir. Suriyanı isə tamamilə əldən çıxarır. ABŞ qəflətən Suriyanın daxilində ABŞ vətəndaşlarını azad etmək məqsədi ilə hərbi əməliyyat keçirməsi barədə məlumat yaydı. Yayılan rəsmi məlumatda hərbi əməliyyatın uğursuz alındığı da bildirilirdi: ABŞ vətəndaşları həmin ünvanda olmayıblar. Bunun ardınca B.Obama Suriya üzərində kəşfiyyat uçuşlarının həyata keçirilməsinə icazə verdi. Rəsmi Vaşinqton bəyan etdi ki, Suriyada hərbi əməliyyatlar keçirmək lazım gələcəksə bunun üçün xüsusi icazə almağa ehtiyac yoxdur. ABŞ-ın Suriyada hərbi əməliyyatlara başlamaq hazırlığı göz qabağındadır. NATO Qara dənizdə hərbi gəmilərinin sayını artırmağı qərara aldı. Ukrayna hadisələrinin davam etməsi fonunda NATO dövləti olan Fransa və Böyük Britaniya Qara dənizdə hərbi iştiraklarını artırır. ABŞ hərbi qüvvələrini Aralıq dənizinə toplayır. Rusiya belə vəziyyətdə əli qolu bağlanmış vəziyyətdə qalır. Hərbi dəniz qüvvələrini Qara dənizdən çıxarıb Suriyanı müdafiə üçün Aralıq dənizinə göndərəcəksə, Ukraynadan daha ciddi uğursuzluqla üzləşə bilər. Hər halda çox təhlükəli hərbi siyasi proseslər qarşıdadır".
Politoloqun fikrincə, amma o da nəzərə alınmalıdır ki, Rusiya üçün ikinci cəbhə açılması istiqamətində ilk cəhdlər Dağlıq Qarabağ münaqişəsi regionunda baş verdi: "ABŞ Ukrayna hadisələrinə görə Rusiyaya qarşı bəlkə də üçüncü cəbhə açmaq istəyir və bu işdə onun əsas aləti Ermənistan idi. Dağlıq Qarabağda münaqişəni gərginləşdirib Şimali Qafqaza keçirməklə Qərb minimum iki şeyə nail olur. Birincisi, Şərqi Ukraynada Rusiya tərəfdən vuruşanların böyük əksəriyyəti çeçen və inquşlardır. Şimali Qafqazda müharibə başlayacağı təqdirdə çeçenlər və inquşlar Şərqi Ukraynanı tərk edib, öz doğma yurdlarına qayıdacaqlar, ikincisi Rusiya qoşunlarını Ukrayna ilə sərhəddən çıxarıb Şimali Qafqaza doğru cəmləşdirəcəkdir. ABŞ-ın son hərbi insidentlər zamanı Dağlıq Qarabağın müstəqilliyini tanıyacağına vəd verməsi də məhz bu ssenarinin tərkib hissəsidir. Hər halda Qafqaz regionu Suriyadan sonra Qərblə Rusiya arasında yeni cəbhənin açılmasına ən real namizəddir".