...

Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya üçün yeni texnologiyalar” mövzusunda panel müzakirəsi keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Mart 2025 10:16 (UTC +04:00)
Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya üçün yeni texnologiyalar” mövzusunda panel müzakirəsi keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

XII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya üçün yeni texnologiyalar” mövzusunda panel müzakirəsi keçirilib.

Trend xəbər verir ki, panel müzakirəsində çıxış edən “Multilateral AI” şirkətinin təsisçisi və direktoru Sem Dos bildirib ki, Süni intellektin (Sİ) nizamlanmasının müasir mexanizmləri onun sürətli inkişafı ilə ayaqlaşa bilmir ki, bu da parçalanma və milli nəzarətin güclənməsi riskləri yaradır.

Onun sözlərinə görə, süni intellektin, o cümlədən açıq modellərin və multimodal agentlərin ildırımsürətli inkişafı, eyni zamanda onların kvant texnologiyaları ilə mümkün inteqrasiyası nizamlama sahəsində təcili həllər tələb edir. Lakin beynəlxalq idarəçilik hələ ki, texnoloji tərəqqinin inkişaf templərindən geridə qalır.

“2025-ci ildə biz “Süni intellektin suverenliyi” konsepsiyasına doğru irəliləyirik. Belə ki, dövlətlər aparat təminatı, modellər və məlumatlar üzərində nəzarəti gücləndirəcək, həmçinin süni intellekti milli təhlükəsizlik sektoruna da inteqrasiya etdirəcək. Qlobal nizamlama bu dəyişikliklərə uğyunlaşmalıdır.”, -deyə Sem Dos bildirib.

O eyni zamanda süni intellektin nizamlanması məsələsinə olan yanaşmadakı pərakəndəlikdən söz açıb. Avropa İttifaqı, Avropa Şurası və Çin artıq artıq təfsilatlı normalar hazırlayıblar, digər yandan Cənub-Şərqi Asiya Ölkələri Assosasiyası, Afrika İttifaqı, Latın Amerikası və Ərəb Liqası ölkələri öz təşəbbüslərini irəli sürməyə başlayıblar. Bu arada nizamlama prosesinə artıq BRİKS+ və Şanxay Əməkdaşlıq Təşkilatı da qoşulub.

“Süni intellektin nizamlanmasına marağın artmasına baxmayaraq, həllsiz qalan bir sıra məsələlər qalmaqdadır və bir sıra beynəlxalq təşəbbüslərin taleyi hələ ki, aydın deyil”, - deyə o əlavə edib.

Öz növbəsində, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş direktorunun müavini Tomas Lamanauskas qeyd edib ki, süni intellekt müəyyən risklər daşıyır, buna görə də, onun istifadəsində balans tapmaq vacibdir.

Süni intellektin tətbiq potensialı həqiqətən böyükdür. Eyni zamanda, hər bir texnologiya kimi, süni intellekt də risklər və çətinliklər yaradır. Burada əsas məsələ elə bir balans tapmaqdır ki, imkanlar risklərdən üstün olsun. Biz elə bir dünyada yaşayırıq ki, burada dezinformasiya və “deepfake” texnologiyaları ictimai diskussiyalara və real mənzərənin öyrənilməsinə təhdid yaradır. Buna diqqət ayırmaq vacibdir", – deyə o bildirib.

Onun sözlərinə görə, süni intellekt sistemlərində məlumatın keyfiyyəti böyük önəm kəsb edir.

“Süni intellekt sistemlərində qərəzlilik mövcuddur. Araşdırmalara əsasən, bu cür sistemlərin 45%-i genderə əsaslanan qərəz nümayiş etdirir, 35%-i isə eyni anda həm gender, həm də irqi qərəzə malikdir. Bu isə, məsələn, işə qəbul zamanı namizədlərin seçiminə təsir edir, burada qərar insanın cinsi və ya irqindən asılı ola bilər ki, bu da ciddi risklər yaradır.

Bu, həm də süni intellekt sistemlərinin kim tərəfindən hazırlanması ilə bağlıdır. Hazırda süni intellekt sahəsində çalışan qadınlar cəmi 30% təşkil edir, mühəndislik üzrə doktorluq dərəcəsinə sahib mütəxəssislər arasında isə qadınların payı 20%-dən də azdır. Əgər qadınlar süni intellektin inkişafında iştirak etməsələr, bu rsklər qaçılmaz olaraq artacaq”,- deyə T. Lamanauskas vurğulayıb.

Bundan əlavə, 2012-2017-ci illərdə Bolqarıstanın prezidenti olmuş Rosen Plevneliyev qeyd edib ki, qarşımızda bir sual dayanır: Süni İntellekti necə nizamlayaq ki, onun inkişafını yavaşlatmayaq, əksinə - stimullaşdıraq.

“Süni İntellekt vətəndaş cəmiyyəti və demokratiya üçün güclü alətə çevrilə, gənclərin daha məlumatlı, daha fəal olmasına, lazımı biliklər əldə etməsinə yardımçı ola bilər. Təhsil sahəsində o artıq oyun qaydalarını dəyişməkdədir: bugün istənilən tələbə - harada yaşamasından asılı olmayaraq –Süni İntellekt, virtual və auqmentasiyalı reallıqdan istifadə etməklə dünyanın aparıcı universitetlərinin verdiyi təhsillə bərabər səviyyədə olan ən yaxşı tədris proqramına çıxış əldə edə bilər.

Qarşımızda belə bir sual dayanıb. Süni İntellekti necə nizamlayaq ki, onun inkişafını yavaşlatmayaq, əksinə - stimullaşdıraq, bununla belə ona nəzarət də edə bilək?Biz 30 il əvvəl internetin meydana gəlməsinə şahidlik etdik, 20 il əvvəl mobil texnologiyaları ortaya çıxdı, 10 il əvvəl isə elektromobillər. Bütün bunlar nizamlanma prosesindən keçib”,- deyə o bildirib.

O ilk dəfə olaraq Avropa İttifaqının Süni intellektlə bağlı qanun qəbul etdiyini qeyd edib. Texnoloji şirkətlər 2026-cı ilin aprel ayına kimi öz fəaliyyətlərini yeni normalara uyğunlaşdırmalıdırlar.

Eyni zamanda, Monteneqronun keçmiş müdafiə naziri Miliça Peyanoviç-Durişiç qeyd edib ki, yeni texnologiyalardan istifadənin nəticələrinə daha çox diqqət yetirmək vacibdir və bugünkü panel bu mövzuda düşünmək üçün faydalı ideyalar təqdim edir.

"O qeyd edib ki, Parisdə keçirilən son sammitdə innovasiyalar, inkişaf və texnologiyalar müzakirə olunsa da, süni intellektlə bağlı təhlükəsizlik, məxfilik və risklər məsələləri arxa planda qalıb. Bu, narahatlıq doğurur, çünki innovasiya ilə cəmiyyətin mümkün mənfi nəticələrdən qorunması arasında balans tapmaq lazımdır," – deyə o bildirib.

Miliça Peyanoviç-Durişiç həmçinin vurğulayıb ki, Avropa İttifaqı süni intellektin tənzimlənməsi istiqamətində səylər göstərsə də, mövcud siyasətdə edilən dəyişikliklər bu texnologiya üzərində nəzarəti zəiflədə bilər.

"Avropa İttifaqı süni intellektin tənzimlənməsi sahəsində liderlərdən biri olub, lakin indi müzakirə edilən dəyişikliklər bu qaydaları yumşalda bilər. Bu isə iri şirkətlərin təsirini artıraraq təhlükəsizlik risklərinə səbəb ola bilər,"- deyə o əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti