Bakı. Trend:
COP29-dayam, çünki Britaniya hökuməti dünyanın iqlim böhranında kritik bir nöqtədə dayandığını qəbul edir.
Trend xəbər verir ki, bu sözləri COP29-da iştirak edən Britaniyanın Baş naziri Kir Starmer keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Böyük Britaniya 2035-ci ilə qədər emissiyaları 81 faiz azaltmağı hədəfləyir. O, iqlim böhranına qarşı mübarizənin milli təhlükəsizlik üçün əhəmiyyətini vurğulayıb. Baş nazir deyib ki, iqlim təhlükəsizliyi olmadan milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik və qlobal təhlükəsizlik mümkün deyil.
“Buna görə də biz bu COP-da bütün tərəfləri yenidən öz iddialı hədəflərini irəli sürməyə çağırmaq fürsətini dəyərləndirdik”,- deyə Kir Starmer qeyd edib.
Kir Starmer deyib ki, iqlim tədbirləri investisiya, daha yaxşı iş yerləri və gələcəyin texnologiyasını inkişaf etdirmək üçün bir fürsətdir. Baş nazir əlavə edib ki, bu, gələcək onilliklər ərzində bütün xalqların rifahını təmin etmək imkanıdır. O deyib ki, bunlar Böyük Britaniya hökumətinin maraqlandığı məsələlərdir.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.