...

“ENGINET” ölkəmiqyaslı sosial infrastruktur layihələrinə dəstək verir

Telekommunikasiya Materials 14 May 2019 11:00 (UTC +04:00)
“ENGINET” şirkəti hər zaman cəmiyyətin müxtəlif təbəqələri üçün faydalı olan təşəbbüslərin icrasında yaxından iştirak etməyə can atır.
“ENGINET” ölkəmiqyaslı sosial infrastruktur layihələrinə dəstək verir

Bakı. Trend:

Azərbaycanın ilk FTTH multiservis telekommunikasiya xidmətləri təminatçısı olan “ENGINET” şirkəti hər zaman cəmiyyətin müxtəlif təbəqələri üçün faydalı olan təşəbbüslərin icrasında yaxından iştirak etməyə can atır.

Özəl sektor təmsilçisi olaraq dövlət qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq formatlarının yaradılması və bu münasibətlərdən ilk növbədə ölkənin və vətəndaşların maraqları naminə istifadə edilməsi şirkətin fəaliyyətinin ana xətlərindən birini təşkil edir. Məhz bu səbəbdəndir ki, şirkət effektiv dövlət-özəl sektoru tərəfdaşlığı modelinin açdığı imkanlardan bəhrələnərək ölkədə həyata keçirilən irimiqyaslı sosial layihələrin icrasına yaxından dəstək olur, vətəndaşların sosial vəziyyətinin yüksəldilməsinə yönəlmiş bir sıra infrastruktur layihələrinin gedişatında bu və ya digər dərəcədə iştirak edərək öz töhfəsini verməyə çalışır.

Bu kimi layihələrdən biri də Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən, ölkə vətəndaşlarının güzəştli şərtlər əsasında mənzil təminatının yaxşılaşdırılmasını nəzərdə tutan “Yasamal Yaşayış Kompleksi” layihəsidir. Sözügedən kompleksin tikintisi çərçivəsində dövlət-özəl sektoru tərəfdaşlığına cəlb edilən özəl investorlardan biri də “ENGINET” şirkəti olmuşdur. Belə ki, “ENGINET” şirkəti hələ 2017-ci ilin iyun ayında Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən elan edilmiş investisiya müsabiqəsinin qalibi seçilərək Yasamal Yaşayış Kompleksinin ərazisində rabitə, televiziya və internet xətlərinin çəkilməsi və kompleksin sakinlərinə müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi işi ona həvalə olunmuşdur.

Məlum olduğu kimi, “ENGINET” şirkəti özünün “BİRLink” telekommunikasiya brendi altında paytaxtda və ətraf məntəqələrdə yerləşən yaşayış komplekslərini və çoxmənzilli binaları “FTTH – mənzilədək fiberoptik bağlantı” texnologiyasına əsaslanan telekommunikasiya və rabitə xidmətləri ilə təmin edir. Hazırda şirkətin abunəçiləri olan bina sakinləri yüksəksürətli optik İnternet, 180-dək yerli və xarici kanalı əhatə edən rəqəmsal IP televiziya, SIP telefoniya (sabit xətli şəhər telefonu), eləcə də övladları üçün hər cür zərərli məzmunlardan təmizlənmiş filtrasiyalı İnternet, videomüşahidə və statik IP kimi xidmətlərdən istifadə edə bilirlər. Yasamal Yaşayış Kompleksinə daxil olan binalarda da eyni xidmətləri təmin etmək üçün “ENGINET” şirkəti tərəfindən bu yaşayış massivinədək rabitə xətlərinin çəkilməsi və kompleksin ərazisində müvafiq telekommunikasiya infrastrukturunun yaradılması məqsədilə ötən dövr ərzində zəruri investisiya qoyuluşu həyata keçirilmiş, beləliklə sakinlərin keyfiyyətli rabitə və telekommunikasiya xidmətləri ilə təchiz edilməsinə nail olunmuşdur.

Bu kimi yaşayış massivlərinin ərazisində özəl xidmət təminatçılarının resursları ilə zəruri telekommunikasiya infrastrukturunun yaradılması büdcə vəsaitlərinin effektiv istifadəsinə yol açmaqla yanaşı, yaradılmış infrastrukturun icraçı tərəfindən davamlı olaraq saz vəziyyətdə saxlanmasına və beləliklə sakinlərin ən yüksək səviyyədə İKT xidmətləri ilə təmin olunmasına yol açır.

Ölkə əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində son dövrlər həyata keçirilmiş ən ciddi layihələrdən biri olan “Sosial Evlər” konsepsiyası ölkəmizdə yürüdülən ali siyasətin sosial çəkisini bir daha ortaya qoymuş oldu. Təsadüfi deyil ki, sosial mənzil konsepsiyası çərçivəsində ilk layihə olan Yasamal Yaşayış Kompleksinin uğurlu icrası eyni qəbildən olan növbəti layihələrin də icrasını şərtləndirmiş və beləliklə daha çox insanın bu əlverişli fürsətdən yararlana bilməsi üçün şərait yaratmışdır. “ENGINET” şirkəti də, öz növbəsində, bu cür ölkə əhəmiyyətli nəcib təşəbbüslərin həyata keçirilməsində bundan sonra da yaxından yer almağa və öz töhfəsini verməyə çalışacaq.

ENGİNET şirkəti haqqında:

2009-cu ildən etibarən fəaliyyət göstərən ENGİNET şirkəti Azərbaycan internet xidmətləri bazarında aparıcı oyunçulardan biridir. Şirkət ilk dəfə olaraq ölkədə FTTH (fiber to the home – mənzilədək fiberoptik bağlantı) texnologiyasını uğurla tətbiq etmiş və hazırda fiziki və hüquqi şəxs olan abunəçilərinə bu texnologiyaya əsaslanan geniş spektrli telekommunikasiya xidmətləri və həlləri təqdim edir. Azərbaycanda uşaqların internetdən təhlükəsiz istifadəsi konsepsiyasını təmin edən internetin filtrasiyası xidmətinin tətbiqi də məhz ENGİNET şirkətinin adı ilə bağlıdır. Əlavə məlumat üçün: www.enginet.az

BİRLink brendi haqqında:

ENGİNET şirkətinin ticarət markası olan BİRLink – FTTH texnologiyasına əsaslanan optik internet, İP televiziya və telefoniya xidmətlərini, eləcə də abunəçilər üçün əlavə dəyər yaradan digər innovativ həlləri özündə birləşdirir. Brendin adı onun fəlsəfəsini dəqiqliklə əks etdirir: təmsil etdiyi qabaqcıl FTTH texnologiyası eyni optik lifli kanal üzərindən keyfiyyətə və sürətə heç bir xələl gəlmədən çoxsaylı xidmətlərin təqdim edilməsini mümkün edir. Hazırda BİRLink brendi altında istifadəçilərə bu qəbildən yerli bazarda analoqu olmayan internet filtrasiya, İP telefoniya, statik İP və bulud əsaslı videomüşahidə xidmətləri göstərilir. Əlavə məlumat üçün: www.birlink.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti