...

Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı tədbirin keçirilməsi ABŞ-ın rəsmi mövqeyini ifadə etmir - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2011 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir M.Əliyev/

Nümayəndələr Palatasında ermənipərəst qüvvələr tərəfindən Dağlıq Qarabağla bağlı tədbirin keçirilməsi ABŞ dövlətinin rəsmi mövqeyini ifadə etmir. Trend-in məlumatına görə, bunu bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib.

Muradova qeyd edib ki, ABŞ Konqesinin Nümayəndələr Palatasının rəhbərliyinin ermənipərəst mövqe tutması haqqında fikirlər yeni deyil. "Nəinki Dağlıq Qarabağ, o cümlədən dəfələrlə uydurma "erməni soyqırımı" məsələsi burada daim gündəliyə gətirilir. Bütün bunlar erməni diasporunun və erməni maraqlarına xidmət edən dairələrin fəal işinin nəticəsidir", - vitse-spiker deyib.

Onun sözlərinə görə, ermənilər bu məsələnin gündəmdən kənarda qalmamasına çalışırlar. "Və bəzən bu kimi tədbirlərin keçirilməsinə nail olurlar. Ancaq bu o demək deyil ki, belə tədbirlərdə səslənən fikirlər ABŞ dövlətinin mövqeyidir. Biz ruhdan düşməməli və öz işimizi görməliyik. Çünki ədalət, beynəlxalq hüquq prinsipləri bizim tərəfimizdədir. Əgər ABŞ superdövlət, supergüc kimi beynəlxalq hüququn prinsiplərinin bərqərar olunmasında maraqlıdırsa və mövqeyini də açıqlayırsa, əməlləri buna uyğun olmalıdır. Nümayəndələr Palatasının hər bir üzvü ilə iş aparmaq lazımdır. Diplomatlarımız, siyasətçilərimiz, QHT-lərimiz və diasporumuz bu işi ardıcıl olaraq davam etdirməlidir və həqiqət onların diqqətinə çatdırılmalıdır", - Muradova vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti