...

Müxalifət partiyasında prezident seçkisi ilə bağlı fikir ayrılığı var

Siyasət Materials 28 Fevral 2008 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir S.İlhamqızı/ Ədalət Partiyasında prezident seçkisində iştirak barədə fikir ayrılığı var.

"Partiya üzvlərinin yarısı seçkidə iştirakın, qalan yarısı iştirak etməməyin tərəfdarıdır"-deyə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Trend ə açıqlamasında bildirib.

Martın 1-nə Ədalət Partiyası Ali Məclisinin iclası təyin olunub. Toplantıda partiya sədrinin müavinləri və Siyasi Şura üzvləri təyin olunacaq, Ali Məclisin komissiyaları yaradılacaq. Həmçinin Ali Məclis partiyanın builki prezident seçkisində iştirakı məsələsini müzakirə edəcək və müvafiq qərar çıxaracaq.

Rəhimlinin sözlərinə görə, partiya daxilində prezident seçkisinə münasibətdə iki fikir mövcuddur. Seçkidə iştirakın tərəfdarı olanlar hesab edirlər ki, bütün seçkilərə qatılmaq hər siyasi partiyanın vəzifəsidir. Prezident seçkisində iştirakın əleyhinə olanlar isə fikirlərini bununla izah edirlər ki, bu seçkiyə böyük maliyyə vəsaiti lazımdır, Ədalət Partiyası isə bu imkanlara malik deyil.

"Hər iki fikrin tərəfdarlarının sayı təxminən eynidir, yəni 50-50. Ona görə də Ali Məclisdə bizi gərgin müzakirələr gözləyir. Şəxsən mən, Ədalət Partiyasının prezident seçkisində öz namizədi ilə iştirak etməsinin tərəfdarıyam"-deyə partiyanın sədr müavini bildirib.

Ədalət Partiyasının sədri İlyas İsmayılov isə hesab edir ki, partiyada fikir müxtəlifliyinin olması təbiidir və fikir ayrılığına hörmətlə yanaşır. O, partiyasının prezident seçkisində iştirakının tərəfdarıdır.

"Ədalət Partiyası prezident seçkisində iştirak edəcək"-deyə İsmayılov Trend ə açıqlamasında bildirib.

O əlavə edib ki, özünün növbəti dəfə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə qərarını hələlik açıqlamır.

Müxalifətçi Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cı ildə ADP-yə birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyədək Ədalət Partiyasına İsmayılov sədrlik edir. İsmayılov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti