Gürcüstan, Tbilisi, 14 aprel /Trend, müxbir N.Kirsxaliya/
Aİ Gürcüstanda yerli seçkilər zamanı seçki prosesinin və medianın monitorinqini keçirəcək. Baş nazirin müavini Georgi Baramidze Aİ-dən müvafiq məktub alıb. Trend-ə Baş nazirin aparatından verilən məlumata görə, məktubda göstərilib ki, Aİ seçkilərin monitorinqi ilə bağlı məsələlərə fəal qoşulmağa hazırdır.
Aİ və Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyətinin (ISFED) nümayəndə heyətləri arasındakı saziş əsasında ISFED uzunmüddətli monitorinqin təmin olunması məqsədilə 90 müşahidəçi göndərəcək. Belə ki, hər məntəqədə bir müşahidəçi olacaq, həmçinin, bir müşahidəçi də Mərkəzi Seçki Komissiyasında olacaq.
Bununla yanaşı, seçki günündə ISFED-in 1100 müşahidəçisi və hüquqşünaslardan ibarət 15 qrup seçki prosesinin monitorinqini keçirəcək.
Bundan əlavə, Aİ medianın monitorinqi ilə əlaqədar layihə həyata keçirəcək. Layihədə məqsəd media monitorinqi metodologiyasının beynəlxalq standartlara uyğunlaşdırılmasında gürcü ekspertlərin hazırlanması, həmçinin, media monitorinqi resurslarının və imkanlarının inkişafıdır.