2006-cı il mayın sonu-iyunun əvvəllərində Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Edvard Oxaranın Cənubi Qafqaz regionuna səfəri planlaşdırılır. Bu barədə aprelin 13-də Trend in müxbiri ilə söhbətində AŞPA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib.
"Cənubi Qafqazın mədəniyyət abidələrinin qorunması sahəsində problemlər AŞ-nin fəaliyyətində prioritetlərdən biridir. Məhz bu təşkilat dəfələrlə Ermənistan tərəfinin "xiçkarların" dağıdılması məsələsi ilə bağlı təşəbbüslərini dəfələrlə qəbul etməyib. Azərbaycan tərəfinin fəaliyyəti nəticəsində ölkəmizin Ermənistandakı tarixi və mədəniyyət abidələrinin vəziyyətinə dair bir sıra sənədlər hazırlanıb və AŞ rəhbərliyinə təqdim edilib.
Səfər Ermənistandakı tarixi abidələrin vəziyyətinin monitorinqindən başlaycaq, daha sonra missiya Gürcüstana, Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən respublikanın digər rayonlarına gedəcək.
R.Hüseynovun sözlərinə görə, hazırda səfərin dəqiq tarixinin müəyyən edilməsi ilə bağlı AŞPA məruzəçisi ilə məsləhətləşmələr aparılır. "AŞPA-nın elm, təhsil və mədəniyyət üzrə komissiyasının qərarına əsasən, səfər məhz Azərbaycanın Ermənistan ərazisindəki mədəniyyət abidələrinin monitorinqindən başlaycaq" - deyə R.Hüseynov sonda bildirib.