Qeyri-hökumət təşkilatları da dövlət tərəfindən maliyyələşdirilməlidir. Bu barədə Trend ə Milli QHT Forumu İdarə Heyətinin sədri Aydın Kərimov bildirib.
A.Kərimov qeyd edib ki, bu məsələ ilə bağlı iki il bundan öncə forum tərəfindən hazırlanan proqram dövlətin müvafiq orqanlarına təqdim edilib: "Ancaq bu məsələ çox ağırdır. Bir tərəfdən dövlətin maliyyə mənbəsi güclü olmalıdır, digər tərəfdən məmurlar QHT rəhbərlərini başa düşməlidir. Digər bir tərəfdən isə Dağlıq Qarabağda ermənilərlə görüşlər keçirən QHT-ləri dövlət necə maliyyələşdirsin?".
Forumun rəsmisi onu da qeyd edib ki, dövlət tərəfindən maliyyələşmək istəyən QHT rəhbərləri də bu məsələyə tam hazır olmalıdır: "Dövlət tərəfindən maliyyələşə biləcək QHT-lərin mütəxəssisləri dövlətin hər hansı bir orqanının mütəxəssisindən güclü olmalıdır". A.Kərimov vurğulayıb ki, QHT-lərin dövlət tərəfindən maliyyəlşməsi mexanizmi xüsusi fondun və yaxud da komitənin yaranması ilə tənzimlənə bilər.
A.Kərimov QHT-lərin problemlərini dövlətə çatdırmaqdan ötrü hər hansı bir komitənin də yaranmasının zəruriliyindən danışıb.