Azərbaycan ombudsmanı iri yaşayış yerlərində yanacaqdoldurma məntəqələrinin açılmasına razılıq verilməməsini tövsiyə edib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/
Ombudsman səlahiyyətli orqanlara iri yaşayış yerlərində yanacaqdoldurma məntəqələrinin açılmasına razılıq verilməməsini tövsiyə edib.
Trend-in məlumatına görə, bu barədə Ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi 2010-cu il üzrə hesabatda bildirilir.
Hesabatda qeyd edilir ki, əhalinin təhlükəsiz yaşamaq hüququnun təmin edilməsində narahatlıq yaradan hallardan biri yaşayış evlərinə yaxın yerlərdə yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərməsidir.
Ombudsman hesabatında bildirir ki, xüsusilə Bakı şəhərində, respublika tabeli şəhərlərdə və rayon mərkəzlərində, magistral yolların üstündə yerləşən qəsəbə və kəndlərdə yaşayış evlərinə və ictimai binalara yaxın məsafələrdə belə yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi həmin ərazilərdə yaşayan insanların həyatı, sağlamlığı və əmlakı üçün ciddi təklükə yaradır.
"Müvafiq səlahiyyətli orqanlar tərəfindən mövcud normativlər nəzərə alınmadan belə məntəqələrin açılmasına razılıq verilməsinin qarşısının alınması tövsiyə olunur", - hesabatda vurğulanır.
Ombudsman belə halların qarşısının alınmasının səlahiyyətli dövlət qurumlarının nəzərinə çatdırmaqla yanaşı, gələcəkdə yanacaqdoldurma məntəqələrinin ətrafında ciddi təhlükəsizlik tədbirlərinin görülməsini təklif edir.