Bakı. Trend:
Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. Belə ki, Dövlət Sosial Müdafiə Fondu 10.8 faiz artım proqnozlaşdırır, Dövlət Statistika Komitəsi isə dünən ötən ilin ilk 11 ayında nominal orta aylıq əmək haqqının 11.2 faiz artdığını bəyan edib.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır.
"2023-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.
Qeyd edək ki, indeksləşdirmə, yən artımlar bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq", - deyə V.Bayramov əlavə edib.