Bakı. Trend:
Özbəkistanın regional startap-ekosisteminin inkişafı üzrə aparıcı platforması olan “Startup Garage”, Azərbaycanı trans-sərhəd əməkdaşlığı və genişlənmə üçün əsas tərəfdaş kimi nəzərdən keçirir.
Bunu Trend-ə özəl müshibəsində “Startup Garage” platformasının təsisçisi Məhəmməd Xəlil açıqlayıb.
“Azərbaycan və Qafqaz regionu “Startup Garage” üçün strateji əhəmiyyət kəsb edən istiqamətlərdir. Bu bazar bir çox cəhətdən Özəkistanla oxşardır: gənc sahibkarlar, investorların artan marağı və innovasiyaların dəstəklənməsi üçün dövlət proqramları mövcuddur. Biz artıq trans-sərhəd akselerasiya proqramlarının yaradılması və vençur fondları ilə əməkdaşlıq barədə ilkin danışıqlar aparırıq ki, bu da regional startap mühitini daha da gücləndirəcək,”- deyə o vurğulayıb.
Onun sözlərinə görə, şirkət Mərkəzi Asiya, Yaxın Şərq və Qafqaz regionları arasında startapların trans-sərhəd inkişafını, investisiyaları və texnoloji əməkdaşlığı dəstəkləməyi hədəfləyir. Stenford Universitetinin məşhur “Startup Garage” proqramından ilhamlanan platforma, sahibkarlara innovativ ideyaları uğurlu və genişlənə bilən bizneslərə çevirmək üçün resurslar təqdim etmək məqsədi ilə yaradılıb.
"Özbəkistanın startap ekosistemi sürətli templərlə inkişaf edir və hər il 20 faizdən çox artım nümayiş etdirir. Daha böyük bazarlara çıxış əvvəllər məhdud olsa da, 2024-cü il bu sahədə əhəmiyyətli bir mərhələ oldu. Ölkə qlobal reytinqdə 88 pillə irəliləyərək 110-cu yerə yüksəlib və Efiopiya kimi ölkələri geridə qoyub. Özbəkistanın 37 milyonluq əhalisi, illik 2 faizlik artım, orta yaşı 29 olan gənc və texnoloji cəhətdən məlumatlı cəmiyyət, demək olar ki, 100 faiz savadlılıq kimi demoqrafik üstünlükləri startap ekosisteminin inkişafına əlverişli şərait yaradır," - deyə Məhəmməd Xəlil qeyd edib.
O, həmçinin Özbəkistan hökumətinin startapları hərtərəfli dəstəklədiyini vurğulayıb. Bu dəstəyə beynəlxalq akseleratorlarda iştirak üçün təşviqlər və startap təsisçiləri üçün əlverişli kredit şərtləri daxildir. Ölkənin ən perspektivli texnoloji layihələrini mükafatlandırmaq məqsədilə yaradılmış Prezident Texnologiya Mükafatı da innovasiyaların inkişafında mühüm addım olub. 2024-cü ilin dekabrında keçirilən müsabiqənin ikinci mərhələsi 550-dən çox startapı cəlb edib və qaliblər ümumilikdə 1 milyon ABŞ dolları məbləğində mükafatlar qazanıblar.
"Özbəkistanın startap ekosistemi əsasən fintex, təhsil texnologiyaları (edtech), e-ticarət, süni intellekt və avtomatlaşdırma, tibbi texnologiyalar (healthtech), proptech (daşınmaz əmlak texnologiyaları) və bərpa olunan enerji sektorlarına yönəlib. Bu sahələrdə ən müxtəlif innovativ layihələr meydana çıxır. Fintex sahəsində rəqəmsal ödənişlər, 'Buy Now, Pay Later' (BNPL) həlləri, neobanklar və kiçik və orta biznes üçün maliyyə məhsulları sürətlə inkişaf edir. Edtech sahəsində isə süni intellekt əsasında fərdi təhsil, onlayn platformalar və hibrid təhsil modelləri populyarlıq qazanır," - deyə platformanın təsisçisi əlavə edib.
O əlavə edib ki, e-ticarət və marketpleys sektoru B2B və D2C modelləri, süni intellekt əsaslı məhsul tövsiyələri və sosial ticarət hesabına inkişaf edir. Öz növbəsində, süni intellekt və avtomatlaşdırma biznes üçün SaaS-həllərdə , proseslərin avtomatlaşdırılmasındavə generativ süni intellektdə tətbiq olunur. Healthtech sahəsində əsas innovasiyalar tele-tibb, süni intellekt əsaslı diaqnostika həlləri və klinikalar üçün SaaS platformalarına yönəlib. Bərpa olunan enerji sektorunda isə diqqət ağıllı enerji şəbəkələri, enerji səmərəliliyi sahəsində yeniliklər və karbon kreditlərinin izlənməsinə yönəlib.
Məhəmməd Xəlil vurğulayıb ki, Özbəkistanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində hökumətin səyləri startapların inkişafında mühüm rol oynayıb. Aparılan islahatlara valyuta tənzimlənməsinin liberallaşdırılması, vergi dəyişiklikləri və biznes proseslərinin sadələşdirilməsi daxildir. Startaplar beynəlxalq akseleratorlarda və sahibkarlıq kurslarında iştirakla bağlı əsas xərclərinin 50 faizinə qədərini (20,000 ABŞ dollarına qədər) geri ala bilirlər ki, bu da aviabilet və yaşayış xərclərinin ödənilməsini də ehtiva edir. Bundan əlavə, aydın biznes planı və şəffaf kredit tarixi olan startap təsisçiləri 300 milyon sumadək (23,151 ABŞ dolları) güzəştli kreditlər əldə edə bilirlər. Bu kreditlərin ödəniş müddəti 6 aydan 3 ilə qədərdir və faiz dərəcələri bazar göstəricilərindən aşağıdır.
""Startup Garage" MENA (Yaxın Şərq və Şimali Afrika) regionunda fəaliyyətini genişləndirmək istiqamətində mühüm addımlar atır. "Startup Garage" strateji boşluğu dərk edərək, Özbəkistanın təsisçilərini Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (GCC) vençur ekosisteminə, korporativ tərəfdaşlıqlara və tənzimləyici imkanlara qoşan strukturlaşdırılmış proqramı ilk dəfə istifadəyə verib. Bu təşəbbüs Özbəkistan startaplarının MENA bazarlarında böyüməsini sürətləndirmək və regional əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. MENA-dan əlavə, "Startup Garage" oxşar bazar şəraiti səbəbindən Azərbaycan və daha geniş Qafqaz regionunu perspektivli imkanlar yaradan bir istiqamət kimi nəzərdən keçirir," - deyə o qeyd edib.
Onun sözlərinə görə, MENA təşəbbüsünün məqsədi növbəti üç il ərzində 100-dən çox Özbəkistan startapının bu region bazarlarına çıxışını təmin etməkdir. Genişlənmə çərçivəsində "Startup Garage" təsisçilərə BƏƏ, Qətər və ya Bəhreyndə şirkət qeydiyyatında dəstək verəcək və tənzimləyici məsələlərdə köməklik göstərəcək. Proqram bazara çıxış və əsas satış kanalları ilə əlaqələrin qurulmasını üzrə təfsilatlı strategiyalar təklif edəcək. Bundan əlavə, "Startup Garage" aparıcı MENA vençur fondları ilə tərəfdaşlığı dəstəkləyəcək, yerli şəbəkələri gücləndirəcək və əməkdaşlığa şərait yaradacaq. Bu genişlənmə çərçivəsində "Startup Garage" artıq "Qatar Development Bank" (QDB) və "Qatar Science & Technology Park" (QSTP) ilə sərhədlərarası inkubasiya proqramlarının yaradılması barədə danışıqlar aparıb ki, bu da regionun innovasiya ekosistemini gücləndirməklə Özbəkistan startaplarının beynəlmiləlləşdirilməsini dəstəkləyəcək.
“Gənc, texnoloji baxımdan yaxşı məlumatlı əhalisi və artan vençu aktivliyi sayəsində Özbəkistan müxtəlif mərhələlərdə investorlar üçün kəşf edilməmiş imkanlar yaradır. "Startup Garage" ekosistemi və "Aloqaventures" birgə şəkildə bu prosesi sürətləndirməklə perspektivli startaplara kapital, mentorluq və bazara çıxış imkanı verir. Bu il Aloqaventures erkən mərhələlərdə startaplara 8 milyon dollara yaxın sərmaye qoyacaq”,- o vurğulayıb.
Məhəmməd Xəlil Özbəkistan hökümətinin "IT Park Uzbekistan" kimi təşəbbüslər, Rəqəmsal Texnologiyalar NAzirliyinin qrantları və ixraca dəstək proqramları vasitəsilə startapların qloballaşmasını aktiv şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Bundan savayı, Özbəkistan və Yaxın Şərq və Şimali Afrika ölkələri arasında diplomatik və ticari əlaqələr daha da inkişaf edir ki, bu da biznesin inteqrasiyasının asanlaşmasına şərait yaratmış olur. Startup Garage bu mexanizmləri işə salmaq məqsədilə yerli nazirliklər və agentliklərlə sıx əməkdaşlıq edir.
"Biz "Startup Garage"in "Founders School" proqramını genişləndirməyə davam edirik - bu, Özbəkistanda və ondan kənarda olan startaplar üçün 8 həftəlik intensiv akseleratordur. Proqramın başlanması 7 aprelə planlaşdırılıb və ideyalarını təsdiqləmək, minimal işlək məhsul (MVP) hazırlamaq, bazara çıxmaq və erkən mərhələ investisiyalarını cəlb etmək istəyən yeni və təcrübəli sahibkarlar üçün açıqdır. Proqramın sonunda ən perspektivli startaplar “Startup Garage”ın rezidentliyinə dəvət ediləcək və ilkin olaraq 10,000 ABŞ dolları həcmində investisiya almaq hüququ qazanacaqlar. "Founders School" təcrübəli təsisçilərin yeni nəsli öyrətdiyi məkandır, burada qlobal standartlara əməl etmək və yerli təcrübədən istifadə etmək xüsusi diqqətə alınır. Məqsədimiz bu il 1,000-dən çox insanı öyrətməkdir ki, ən perspektivli startaplar inkişaf etsin və beynəlxalq investisiyalar əldə etsin. Mart ayının əvvəlində proqrama 200-dən çox gənc qoşulub. İştirakçılar startaplar barədə biliklər, praktik mentorluq və "Aloqa Ventures" kimi potensial investorlar və tərəfdaşlarla birbaşa peşəkar əlaqələr əldə edəcəklər. "Aloqa Ventures" yerli startaplara aktiv şəkildə sərmayə yatırır və Özbəkistanın startap ekosistemini dəstəkləyir," - deyə o bildirib.
Sonda o qeyd edib ki, ölkənin startap ekosisteminin yaradılmasını sürətləndirməsi üçün üç əsas sahənin inkişafına diqqət yetirilməlidir: daha çox vençur kapitalının cəlb edilməsi, bazarlara trans-sərhəd çıxışın genişləndirilməsi və korporativ iştirakın artırılması.