Bakı. Trend:
Azərbaycan və Estoniya arasında vergi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Belə ki, bu gün Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Estoniya Vergi və Gömrük Şurasının baş direktoru Rayqo Uukivi ilə ikitərəfli görüş keçirib.
Görüşdə Azərbaycan ilə Estoniya arasında vergi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi risklərinin vaxtında aşkar olunması, qiymətləndirilməsi və qarşısının alınması məqsədilə təcrübə mübadiləsi, rəqəmsal alətlərdən istifadə etməklə xidmət keyfiyyətinin yüksəldilməsi və könüllü vergi ödənişlərinin stimullaşdırılması istiqamətində əməkdaşlıq, yığım mexanizmlərinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalarla bağlı fikir mübadiləsi aparıblar.
Görüşün sonunda gələcək əməkdaşlığın əsaslarını müəyyən edən protokol sənədi imzalanıb.
Qeyd edilib ki, sənəd iki ölkənin vergi administrasiyaları arasında gələcək birgə fəaliyyətlər üçün yol xəritəsi rolunu oynayacaq və strateji tərəfdaşlığın inkişafına töhfə verəcək.