Qazaxıstan, Astana, 01 dekabr / Trend , müxbir K.Konırova/ "Qazaxıstan şirkətlərinin 50 faizindən çoxunda dövriyyələrin azalması və fəallağın enməsi müşahidə olunur", - bazar ertəsi Peşəkar Bazar Tədqiqatçıları Assosiasiyasının prezidenti Janna Candosova Dəyirmi masada çıxış edərkən bildirib.
Şirkətlərin 52 faizində dövriyyə azalıb, 11 faizində göstərici xeyli aşağı düşüb. "İşgüzar fəallığın azalması xüsusən tikinti, maliyyə, qurğu istehsalı və realizəsilə məşğul olan müəsissələrdə müşahidə olunur. Müəssisələrin 44 faizi dövriyyənin azalmasını qeyd etmir, dörd faiz artım barədə məlumat verir", - Candosova deyib.
Assosiasiyanın keçirdiyi Dəyirmi masada iştirak edən aparıcı tədqiqat agentliklərinin nümayəndələri, şirkət rəhbərləri, marketoloqlar və analitiklər dünya maliyyə böhranı nəticəsində bazarda yaranan vəziyyətinin müzakirəsini aparıblar.
Assosiasiya prezidentinin təqdim etdiyi araşdırmaların nəticələrinə görə, "marketinq büdcəsində bəzi azalmalar proqnozlaşdırılsa da, müəyyən sektorlar hətta böhran şəraitində də tədqiqatların keçirilməsini planlaşdırırlar".
Dəyirmi masa iştirakçılarının fikrincə, böhran şirkətlərə marketinq və texnologiyaların tədqiqi xəttinin genişlənməsi, rəqiblərin fəaliyyətini izləmək üçün araşdırmalardan daha səmərəli istifadə planında müsbət nəticələr verə bilər.
"Böhran nəticəsində həm marketinqdə, həm də tədqiqatlarda informasiya texnologiyalarından istifadənin artırılması, bununla yanaşı, marketinq xərclərində tədqiqat büdcəsinin payının iki faizdən beş faizədək artırılması proqnozlaşdırılır".
Müəlliflə əlaqə ünvanı: [email protected]