Azərbaycan, Bakı, 26 may / Trend /
Azərbaycanın aparıcı Mobil rabitə operatoru Azercell Telekom MMC ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azercell-dən verilən məlumata görə, bu müqaviləyə görə, operator Azərbaycan futbolunun inkişafına öz töhfəsini verəcək.
Müqavilə imzalanmazdan önsə AFFA-nın və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu sənədlə böyük bir əməkdaşlığın təməlinin qoyulduğunu bildirib: "İndi Azərbaycan futbolu üçün islahatlar dövrüdür. Azərbaycanın prezidenti İlham Əliyev futbolla əlaqədar inkişaf proqramını qəbul etdikdən sonra bu sahədə çoxlu dəyişikliklər baş verib".
AFFA prezidenti əminliklə bildirib ki, AFFA ilə "Azercell" arasında əməkdaşlığın möhkəmləndirilməsi futbolun inkişafına yardım edəcək.
Daha sonra Azercell Telecom-un prezidenti Ali Ağan sazişlə bağlı fikirlərini açıqlayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanda yeganə hədəfi olduğunu bəyan edib: "Tək hədəfimiz Azərbaycanın qürur duyacağı şirkət ola bilməkdir. Hədəfimiz rəqəmlərlə, manat və ya dollarla ölçülmür. Biz texniki baxımdan, insan qaynaqları, həm də tanıtım sahəsində xeyli işlər görmüşük, tək MDB məkanında deyil, dünyada olan son nailiyyətləri Azərbaycana gətirmişik ki, örnək olaq".
Ali Ağan indiyədək Azercell-in mədəniyyət, təhsil və digər sahələrdə iri sosial layihələrə imza atdığını xatırladıb: "İndi isə istənilən ölkənin inkişafına önəmli olan bir sahə - futbola dəstək vermək qərarındayıq. Futbol artıq bir idman növündən də irəli gedib. Bu oyun ölkənin tanınması, turizmi üçün böyük önəm daşıyır. Bu vaxta qədər biz AFFA və SOCAR-ın Azərbaycan futbolu üçün böyük işlər gördüyünün şahidi olmuşuq. İndi isə biz də həmin işlərə ortaq olmağı planlaşdırırıq".
Ali Ağan bir daha vurğulayıb ki, AFFA ilə "Azercell" arasında imzalanan sənəd sponsorluq yox, ortaqlıq və əməkdaşlıq sazişidir.
Çıxışlardan sonra Azərbaycan futbolu tarixində ilk olan əməkdaşlıq müqaviləsi imzalanıb. Sonra tərəflər bir-birilərinə hədiyyələr təqdim ediblər. Ali Ağan AFFA prezidentinə üzərində AFFA və "Azercell" loqosu olan mobil telefon, Rövnəq Abdullayev isə ona üzərində Azərbaycan milli yığma komandası üzvlərinin imzası olan futbol geyimini təqdim edib.
Müqavilənin şərtlərinə əsasən, Azercell Telecom Azərbaycanda futbolun inkişafına dəstək verən hər bir layihənin altına imza atacaq. Əsasən də uşaq futbolunun inkişafına yönələn layihələrin reallaşmasına yardım göstərəcək. Müqavilə qüvvəyə minəndən sonra AFFA-nın təşkilatçılığı ilə keçirilən futbol oyunlarının televiziya ilə yayımına maliyyə dəstəyi verəcək. Şirkət Azərbaycanda uşaq futbolunun inkişafına dair layihələrə də imzasını atacaq.
"Azercell" ilə AFFA arasında sazişə görə, bu mobil operatorun abonentləri istənilən futbol oyunu haqqında SMS vasitəsilə əvvəlcədən elanlar alacaqlar. Bu da futbol həvəskarlarının ölkədə keçirilən oyunlar barədə hər kəsdən əvvəl xəbər tutmasına, daim futbol aləmindəki yeniliklərdən xəbərdar olmağa imkan verəcək. "Azercell Telekom" Azərbaycanda futbolçuların reklamına da xüsusi diqqət ayıracaq.
Azercell Telecom 1996-cı il yanvarın 19-da təsis edilib. Elə həmin ilin dekabrında fəaliyyətə başlayıb. Şirkətin əsas payçıları "Telia Sonera" və "Turkcell" şirkətləridir. Azərbaycandakı fəaliyyəti müddətində şirkət ölkəmizə 1 milyard ABŞ dolları miqdarında sərmayə yatırıb. Hazırda "Azercell" ölkənin aparıcı mobil operatoru olmaqla yanaşı, həm də qeyri-neft sektorundakı ən böyük vergi ödəyicisidir. Hazırda "Azercell"in mobil telekommunikasiyalar sahəsindəki bazardakı payı 60 faizdən çoxdur.
AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 1992-ci ilin martında təsis edilib. Azərbaycanın rəsmi futbol təşkilatı 1994-cü ilin mayında UEFA-ya, 1994-cü ilin iyununda FİFA-ya üzv qəbul olunub. Bu müddət ərzində Azərbaycanın milli yığma komandası Dünya və Avropa çempionatlarında iştirak edib.