...

Hərbi quluqçulara ayrılan sığorta məbləği reallığa uygun deyil-hərbi ekspert

Siyasət Materials 14 Fevral 2008 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14fevral / Trend , müxbir K. Zərbalıyeva/ Hərbi qulluqçulara ayrılan sığorta məbləği reallığa uygun deyil. Sığorta məbləğinin artırılmasını təklif edən ekspertlər hesab edirlər ki, şərti maliyyə vahidinin 10 min misli məbləğində müəyyən edilmiş sığorta ödənişi beynəlxalq standartlar səviyyəsinə çatdırılmalıdır.

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunla müəyyən edilib ki, hərbi qulluqçular şərti maliyyə vahidinin 10 min misli məbləğində (şərti maliyyə vahidi 1 manata 10 qəpikdir) sığorta edilir.

Sığorta ödənişləri sığorta edilən xidmətdə olduğu zaman həlak olduqda (100 faiz), xəsarət aldıqda, xəstələnməsi nəticəsində xidmətdən buraxıldıqdan sonra 3 il müddədtinə öldükdə (100 faiz), xidmətdə olduğu zaman itkin düşdükdə (100 faiz), xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq, sığorta edilənə xidmətdən buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda (40-80 faiz), ağır xəsarət alması nəticəsində, yaxud səhhəti pozulduğuna görə hərbi xidmətə yararsız hesa edildikdə (25 faiz), yüngül xəsarət alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə (5 faiz) ödənilir.

Hərbi ekspert Üzeyir Cəfərov cümə axşamı Trend ə bildirib ki, yalnız səs-küylü işlərdə, hərbi qulluqçu həlak olduqda, xidmət zamanı əlil olduqda sığorta məbləğləri ödənilir.

Ekspertin sözlərinə görə, hərbi qulluqçuların xəsarət alması, xəstələnməsi ilə bağlı kifayət qədər faktlar var ki, hərbi qulluqçulara sığorta ödənişləri verilmir. "Çox vaxt hərbi qulluqçular qanunu bilmədiyindən, onlara siğorta ödənişlərinin verilməsi qulaqardına vurulur. Əksər hallarda vətəndaşlar sığorta ödənişlərinin alınmasına israr etdikləri halda, onlara sığorta məbləğləri ödənilir",-deyə Cəfərov vurğulayıb.

Sığorta məbləğinin az olduğunu deyən ekspertin sözlərinə görə, müəyyən edilən məbləğ dəfn xərclərini, hərbi qulluqçunun müalicə xərclərini ödəmir. "Məbləğ mütləq artırılmalıdır. Elə həddə müəyyənləşdirilməlidir ki, hərbi qulluqçunun ailəsinin müəyyən dövr üçün problemlərinin həllinə kömək etsin",-deyə ekspert bildirib.

Cəfərov qeyd edib ki, sığorta ödənişlərinin alınması prosesində çoxlu bürokratik əngəllər yaradılır, sığorta alınması üçün lazımsız sənədlər tələb olunur.

Onun fikrincə, hərbi qulluqçunun xəstə olduğunu və ya xəsarət aldığını təsdiq edən tibbi arayış sığorta ödənişinin alınması üçün kifayətdir. "Bürokratik əngəllər olduğundan, həmçinin, sənədlərin hazırlanmasına uzun müddət və böyük məbləğdə xərc çəkildiyindən, vətəndaşlar sığorta ödənişlərini almağa maraq göstərmirlər",-deyə ekspert vurğulayıb.

Hərbi ekspert Ələkbər Məmmədov bu sahədə əvvəllər problem olduğunu, lakin son illər vəziyyətin düzəldiyini deyir.

Ekspert hesab edir ki, son illər sığorta ödənişlərinin alınması ilə bağlı vətəndaşların şikayətlərinin artması, cəmiyyətdə böyük narazılığın yaranması problemin kifayət qədər həll olunması ilə nəticələnib.

Ekspert sığorta ödənişlərinin məbləğinin olduqca az olduğunu əsas gətirərək, məbləğin artırılmasını vacib asyıb.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının üzvü, millət vəkili Zahid Oruc bu sahədə müəyyən problemlərin olduğunu istisna etməyib. Millət vəkili bildirib ki, sığorta ödənişlərinin alınması zamanı bürokratik əngəllərin yaradılması ilə bağlı ona və komissiyaya vətəndaşlar tərəfindən şikayətlər daxil olub.

"Kimlərsə qanunun hansısa müddəalarından yararlanaraq, vətəndaşların hüquqlarını pozur. Qanunvericilikdə bu sahədə boşluqlar aradan qaldırılmalıdır. Qanunda cavabdeh şəxslərin məsuliyyət məsələsi kəskin qoyulmalıdır",-deyə komissiya üzvü bildirib.

Sığorta məbləğinin artırılmasına gəlincə isə, millət vəkili bunu hazırki dövr üçün aktual hesab etmir. "Məbləğin artırılması indiki dövr üçün asan deyil. Biz beynəlxalq standartlara keçid ediriksə, hərbi qulluqçuların sosial təminatı, imtiyazları da gələcəkdə artırılacaq və beynəlxalq səviyyəyə çatdırılacaq",-deyə millət vəkili vurğulayıb.

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunda hərbi qulluqçuların dairəsi müəyyən edilib. Bu kateqoriyaya Silahlı Qüvvələrin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə qanunvericiliyə uyğun yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aiddir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev Trend ə bildirib ki, hərbi qulluqçuların sığorta alması üçün sığorta hadisəsi baş verərsə, vətəndaş Dövlət Sığorta Kommersiya Bankına və onun yerli şöbələrinə müraciət etməlidir. "Qanunda tələb olunan sənədlər hazırlanıbsa, onda sığorta ödənişinin alınmasında bir problem olmayacaq",-deyə Verdiyev bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, hərbi qulluqçu yüngül xəsarət alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə, ona sığorta məbləğinin 5 faizi məbləğində ödəniş verilir. Bu xəsarət sonradan  əlilliklə nəticələnərsə, sığorta ödənişi arasındakı ödənilir. Verdiyev bildirib ki, bu zaman  hər hansı problem olarsa, vətəndaş Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə müraciət etməlidir və onun şikayəti obyektiv araşdırılacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti