...

Misirin telekanalı Azərbaycana həsr olunmuş verilişi yayımlayıb

Siyasət Materials 14 Avqust 2011 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Azərbaycanın müstəqilliyinin 20 illiyi çərçivəsində İSESCO-un rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Dr. Salah Əlcəfəravinin (əvvəllər İSESCO-un Avropa və Amerika üzrə nümayəndəsi olmuşdur) iştirakı ilə Misirin ictimai-siyasi və mədəniyyət xadimlərinin, din adamlarının, işgüzar dairələrin və gənclərin iştirakı ilə Qahirədə "Azərbaycan günü" keçirilmiş və bu tədbir və ümumiyyətlə, Azərbaycan ilə bağlı Misirin "Nil" peyk televiziya kanalı tərəfindən bir saatlıq veriliş hazırlanmış və cari ilin 7 avqust tarixində efirə verilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Misirdəkı səfirliyinin məlumatında bildirilir.

"Azərbaycan günü"nə həsr olunmuş bir saatlıq verilişdə Səfir Şahin Abdullayev və Dr. Salah Əlcəfəravi çıxış etmiş və "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli gənclər öz təəssüratlarını bölüşmüşlər.

Verilişdə çıxış edən Abdullayev Azərbaycanın müstəqillik tarixi, şərqin ilik demokratik respublikası olan ADR-in yaranması və tənəzzülü, 1991-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsi və müstəqilliyinin ilk illərindən Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasəti və belə bir çətin vəziyyətdə Azərbaycan xalqının təkidi və israrlı xahişi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması və bununla da Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanması haqqında televiziya tamaşaçılarına məlumat vermişdir.

Səfir Heydər Əliyevin irsinə sadiq olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu gün ictimai-siyasi həyatın, iqtisadiyyatın, mədəniyyət və incəsənətin bütün sahələrində uğurlara imza atdığını və sürətlə inkişaf etdiyini qeyd etmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı danışan Abdullayev Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti və xüsusilə Xocalı faciəsi haqqında televiziya tamaşaçılarına məlumat vermişdir.

Dr. S.Əlcəfaravi Azərbaycanın tarixən İslam mədəniyyətinin inkişafında mühüm rol oynadığını qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsi və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəniyyət abidələrinin məhv edilməsi kimi məsələlərə diqqəti çəkmişdir.

"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli tələbələr Azərbaycan xalqının yüksək mədəniyyətə, qonaqpərvərliyə və zəngin mədəni irsə malik olduğunu qeyd etmiş və Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsi barəsində Misir gəncləri və ictimaiyyəti arasında məlumatlandırmanın artırılması işinə öz töhfələrini verəcəklərini və bu məqsədlə müxtəlif ictimai tədbirlər təşkil edəcəklərini bildirmişlər.

"Azərbaycan günü" zamanı nümayiş olunmuş və Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti və Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın inkişafından bəhs edən sənədli film veriliş zamanı bir daha ekrana gətirilmişdir.

Xəbər lenti

Xəbər lenti