...

Azərbaycan Parlamentinin deputatları Nikolay Bordyujanın bəyanatına kəskin etiraz ediblər

Siyasət Materials 21 Fevral 2012 14:07 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja səlahiyyətlərindən kənar bəyanatlar verir.
Azərbaycan Parlamentinin deputatları Nikolay Bordyujanın bəyanatına kəskin etiraz ediblər

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir M. Əliyev/

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja səlahiyyətlərindən kənar bəyanatlar verir. Bunu çərşənbə axşamı Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib.

"Belə təəssürat yaranır ki, Bordyuja rəhbəri olduğu təşkilatın nizamnaməsindən xəbərsizdir. KTMT üzv ölkələrin təhlükəsizliyini qorumaq üçündür, Dağlıq Qarabağ isə Ermənistanın ərazisi deyil. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Ermənistanın yaratdığı oyuncaq "Dağlıq Qarabağ Respublikası" bu gün nəinki dünya, heç Ermənistanın özü tərəfindən də tanınmır", - o deyib.

Mirzəzadə bildirib ki, dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və danışıqlar da bu gün işğal olunmuş ərazinin qondarma rəhbərliyi ilə Azərbaycan arasında deyil, məhz Azərbaycanla Ermənistan arasında gedir.

"Ona görə də dəfələrlə KTMT-yə üzv ölkələrin, eləcə də təşkilatın rəhbərləri bildiriblər ki, söhbət Ermənistanın təhlükəsizliyindən gedir", - o deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan dünya tərəfindən tanınmış sərhədlərindən bir qarış da kənara çıxmaq fikrində deyil.

"Mən təəssüf edirəm ki, Rusiya kimi nəhəng bir ölkənin nümayəndəsi bu gün rəhbəri olduğu təşkilatın nizamnaməsindən kənar bəyanatlar verir. Dağlıq Qarabağ Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş torpağıdır", - Mirzəzadə deyib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün iki yolu var - diplomatik danışıqlar və hərb yolu. Azərbaycan bu gün hər iki yolun üzərində fəal surətdə işləyir və düzgün saydığı variantı qəbul edəcək.

"Bordyuja verdiyi bəyanata görə Azərbaycandan üzr istəməlidir. KTMT-nin rəhbəri üzv dövlətin işğalçılıq siyasətinə dəstək verirsə, buna qəti etiraz bildirmək lazımdır", - Mirzəzadə əlavə edib.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, Azərbaycan bütün məsələləri ciddi araşdırdıqdan sonra hər hansı bir addımı atır.

"Kimin Ermənistan tərəfindən hansı çıxışı edəcəyi artıq 20 il ərzində bizə bəlli olub. Bu cür bəyanatların heç bir mənası yoxdur. Hazırlığımızı yüksək səviyyədə aparıb, müharibə zərurəti olarsa, həlledici zərbə vurmalıyıq. Kim dəstək verir, kim vermir, bunu düşünsək, gərək heç bir addım atmayaq. Ermənistanın cavabı nə vaxtsa verilməlidir, onları himayə edən dövlətlər müxtəlif vasitələrlə Ermənistana kömək göstərməyə çalışacaqlar. Azərbaycan da özünə müttəfiqlər tapmağı düşünməlidir. Yalnız Türkiyə yetərli deyil", - Mustafa Trend-ə bildirib.

Qeyd edək ki, KTMT baş katibi Nikolay Bordyuja bu gün keçirilən mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşəcəyi təqdirdə Ermənistana bütün lazımi yardım göstəriləcək.

Xəbər lenti

Xəbər lenti