...

Şərq Tərəfdaşlığı: 2020-ci ildən sonrakı dövr üçün yeni siyasət məqsədləri

Siyasət Materials 19 Mart 2020 16:57 (UTC +04:00)
Bu gün Avropa Komissiyası və İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi tərəfindən 2020-ci ildən sonra Şərq Tərəfdaşlığının uzunmüddətli siyasət məqsədləri üzrə təklif irəli sürülüb.
Şərq Tərəfdaşlığı: 2020-ci ildən sonrakı dövr üçün yeni siyasət məqsədləri

Bakı. Trend:

Bu gün Avropa Komissiyası və İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi tərəfindən 2020-ci ildən sonra Şərq Tərəfdaşlığının uzunmüddətli siyasət məqsədləri üzrə təklif irəli sürülüb.

Komissiyadan Trend-ə verilən məlumata görə, məqsəd Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, MoldovaUkrayna ilə ticarətin artırılması, bağlantının gücləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, eləcə də demokratik institutların, qanunun aliliyinin, ətraf mühit və iqlim dəyişikliyi sahəsində dayanıqlığın, rəqəmsal transformasiyaya dəstəyin və ədalətli və inklüziv cəmiyyətlərin gücləndirilməsidir.

Ali Nümayəndə/Vitse-prezident CozepBorrell bildirib:

“Qonşularımızın gücü Avropa İttifaqının gücüdür; Şərq Tərəfdaşlığı Aİ-nin xarici siyasətinin vacib elementi olaraq qalır. Təkliflərimiz bundan sonra da altı tərəfdaş ölkənin gücləndirilməsinə yönələcək və bütün vətəndaşlar üçün gözəçarpan və müsbət nəticələrin əldə olunmasına xüsusi diqqəti qoruyub saxlamaqla paylaşdığımız ümumi prioritet və problemləri əks etdirəcək”.

Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissar Oliver Várheyli deyib:

“Biz Şərqi Tərəfdaş ölkələrimizə açıq-aydın mesaj göndəririk: sizə güclü iqtisadiyyat qurmaqda, o cümlədən birbaşa xarici sərmayələr cəlb etməklə və nəqliyyat, energetika və ətraf mühit kimi əsas sektorlarda bağlantını gücləndirməklə yeni iş yerləri yaratmaqda kömək edəcəyik. Hal-hazırda davam edən COVID-19 pandemiyası daxil olmaqla, cari dövrdə bütün istiqamətlərdə problemlərin aradan qaldırılması məqsədilə sıx əməkdaşlıq edəcəyik”.

İlk 10 ildə Tərəfdaşlığın nailiyyətlərinə əsaslanaraq bugünkü təklifdə ümumi problemlərin həlli və 2020-ci ildən sonra başlıca siyasət məqsədi kimi qarşıda duran vəzifələr fonunda onların dayanıqlığının artırılması məqsədilə Aİ-nin tərəfdaş ölkələrlə əməkdaşlığını hansı formada quracağı haqqında məlumat verilmişdir. Bununla da, ekoloji və rəqəmsal transformasiyanı dəstəkləmək və bütün ölkələrdə özünü təsdiqləyəcək iqtisadiyyat modelinin yaradılması, xüsusilə gənclərin məşğulluğunun artırılması və gender bərabərliyinin təşviqi üçün Aİ və tərəfdaşlar arasındakı yeni siyasət prioritetləri üzərində iş davam etdiriləcək.

YARADAN tərəfdaşlıq:

Möhkəm, dayanıqlı və inteqrasiya olunmuş iqtisadiyyatlar üçün əməkdaşlıq

İqtisadiyyatın gücləndirilməsi, bərabərsizliyin azaldılması və tərəfdaş ölkələri vətəndaşların gələcəklərini qurmaq istədiyi ölkələrə çevirmək. Ticarətin artırılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, KOM-lara sərmayə qoyuluşu, bağlantı, oxşar ekoloji və rəqəmsal transformasiyanın və insanların imkanlarından yararlanmaqla məqsəd, hamının rifahını təmin edən layiqli, dayanıqlı iş yerləri və iqtisadi imkanlar təmin edən cəlbedici biznes mühiti yaratmaqdır. Daha güclü inkişafa təkan vermək üçün biz energetika, nəqliyyat və ətraf mühit kimi iqtisadi inkişafın əldə olunmasında əsas rol oynayan sektorlarda çalışmağı nəzərdə tuturuq.

QORUYAN tərəfdaşlıq:

Cavabdehlik daşıyan qurumlar, qanunun aliliyi və təhlükəsizlik üçün əməkdaşlıq

Səmərəli idarəçilik və demokratik institutlar, qanunun aliliyi, korrupsiyaya qarşı uğurlu mübarizə ilə bağlı siyasətlər, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, insan hüquqlarına və təhlükəsizliyə hörmət, o cümlədən münaqişələrdən zərərçəkmiş ölkələrin əhalisinə dəstək güclü və möhkəm dövlətlərin və cəmiyyətlərin özülüdür. Onlar həmçinin düzgün fəaliyyət göstərən bazar iqtisadiyyatı və dayanıqlı inkişaf üçün vacib olan ilkin şərtlərdəndir. Xüsusilə də qanunun aliliyi səmərəli biznes mühitinin təmin olunmasında və birbaşa xarici sərmayələrin cəlb olunmasında mühüm amillərdən biridir. Tərəfdaşlığın əsaslarına sadiqliyin yenidən təsdiq olunması, real nəticələrin, islahatların təsirinin və vətəndaşlar tərəfindən qəbul edilməsinin daha yaxşı ölçülməsi tələb olunur.

YAŞILLAŞDIRAN tərəfdaşlıq:

Ətraf mühit və iqlim dəyişikliyi sahəsində dayanıqlığın əldə olunması üçün əməkdaşlıq

Ətraf mühit və iqlim dəyişikliyi problemlərinin həlli üçün Aİ və tərəfdaş ölkələr tərəfindən təcili tədbirlərin həyata keçirilməsi tələb olunur. Aİ tərəfdaş ölkələrə sərmayə qoyuluşu ilə bağlı problemləri etiraf etməklə Paris Sazişi ilə əlaqədar milli səviyyədə müəyyənləşdirilmiş töhfələrini yerinə yetirməyə, iqtisadiyyatlarını müasirləşdirməyə, atmosferə atılan karbon qazının miqdarını azaltmağa və iqlimdə neytrallığa keçid etməyə kömək edir. Aİ həmçinin binalarda enerjidən səmərəli istifadə olunmasına, bərpa olunan mənbələrin inkişafına və səhiyyə sektorunun müasirləşdirilməsinə dəstək verməyi nəzərdə tutur.

ƏLAQƏLƏNDİRƏN tərəfdaşlıq:

Dayanıqlı rəqəmsal transformasiya üçün əməkdaşlıq

Aİ-nin qonşuluq regionunda güclü rəqəmsal mühitin mövcudluğu artımı təmin etməklə yanaşı, dayanıqlı inkişafa təkan verəcək. Bu baxımdan Aİ bundan sonra da tərəfdaş ölkələrin rəqəmsal transformasiyasına sərmayələr yatıracaq və Aİ-nin qanunvericiliyi və qabaqcıl təcrübəsinə uyğun olaraq yüksək innovativ rəqəmsal startaplara dəstəyini genişləndirəcək. Aİ bundan sonra da tərəfdaş ölkələrin kibertəhlükəsizlik sahəsini dəstəkləyəcək və bu sahəyə yardımlar edəcək.

SƏLAHİYYƏTLƏNDİRƏN tərəfdaşlıq:

Möhkəm, ədalətli və inklüziv cəmiyyətlər üçün əməkdaşlıq

Azad və ədalətli seçkilər və şəffaf, vətəndaş yönümlü və cavabdehlik daşıyan dövlət qurumları demokratiyanın təmin olunmasında vacib rol oynayır. Yaxından iştirak edən vətəndaş cəmiyyəti, azad, müxtəlif və müstəqil media, eləcə də azlıqların hüquqları daxil olmaqla, vətəndaşların hüquqlarının müdafiəsi, möhkəm, ədalətli, inklüziv və demokratik cəmiyyətlər üçün əsas amillərdəndir. Bu sahələrdə əməkdaşlıq Aİ üçün vacib prioritet təşkil edəcək.

Tarixçə

Şərq Tərəfdaşlığı 2009-cu ildə icra olunmağa başlayıb və məqsədi Avropa İttifaqı (Aİ), ona üzv ölkələr və Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna arasında siyasi və iqtisadi əlaqələri dərinləşdirmək və gücləndirməkdir. Sözügedən tərəfdaşlıq, fərqlənməyə imkan verən, lakin ümumi və qlobal problemləri birgə həll etmək və regional inteqrasiyanı dəstəkləmək üçün hər bir tərəfdaşın maraqlarına, iddialarına və irəliləyişlərinə uyğun olaraq inkişaf etmişdir. Cari siyasət məqsədləri 2017-ci ildə razılaşdırılmış 2020-ci il üçün 20 praktiki nəticə vasitəsilə müəyyənləşdirilib.

Yeni siyasət məqsədləri 2019-cu ildə üzv dövlətlərin, tərəfdaş ölkələrin, vətəndaş cəmiyyəti təşkilatlarının, alimlərin, müəssisələrin və maliyyə qurumlarının geniş və əhatəli iştirakı ilə Şərq Tərəfdaşlığının gələcəyinə dair keçirilmiş strukturlaşdırılmış məsləhətləşmələr nəticəsində hazırlanmışdır. Ümumilikdə cari Şərq Tərəfdaşlığı siyasət bazasının etibarlı olması və regionda yaşayan vətəndaşların gündəlik həyatına gözəçarpan dərəcədə faydalar verməsinə dair geniş konsensus mövcuddur.

Növbəti tədbirlər

Komissiya və Avropa Xarici Fəaliyyət Xidməti adı çəkilən təklifin üzv dövlətlər və tərəfdaş ölkələr tərəfindən 2020-ci ilin iyununda keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində qəbul olunacağına ümid bəsləyir. Həmin tədbirdə cari 2020-ci il üçün 20 praktiki nəticəyə əsaslanan bir sıra yeni gözəçarpan nəticələrin hazırlanmasına başlamaq üçün qərar veriləcək.

Ətraflı məlumat üçün

Birgə komissiya: 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə siyasət Dayanıqlığın gücləndirilməsi - bütün ölkələrdə özünü təsdiqləyən Şərq Tərəfdaşlığı

Qeyd: 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlığına dair siyasət

Məlumat bülleteni: 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı

Aİ-Ermənistan əlaqələrinə dair məlumat bülleteni

Aİ-Azərbaycan əlaqələrinə dair məlumat bülleteni

Aİ-Belarus əlaqələrinə dair məlumat bülleteni

Aİ-Gürcüstan əlaqələrinə dair məlumat bülleteni

Aİ-Moldova əlaqələrinə dair məlumat bülleteni

Aİ-Ukrayna əlaqələrinə dair məlumat bülleteni

Məqalədə:
Xəbər lenti

Xəbər lenti