...

Azərbaycan regionda sülhə hazırdır

Siyasət Materials 26 Noyabr 2023 13:47 (UTC +04:00)
Azərbaycan regionda sülhə hazırdır

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bir çox vacib məsələlərə toxunmuş və mühüm mesajlar verərək bildirilmişdir ki, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir və bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Qeyd etmək lazımdır ki, 2 yanvar 1992-ci il tarixində İraq dövləti Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuş, 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmış və 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.

Cənab Prezident İlham Əliyev öz Bəyanatında bildirmişdir ki, hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman hər iki ölkə bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirlər.

Bəyanatda qeyd olunmuşdur ki, 1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı təcavüzə başladı bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi. Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan Azərbaycanın torpaqlarını həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə ölkəmizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.

Bəyanatda müharibədən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının ən mühüm maddələr olduğunu bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan Ermənistandan təklifimizə dair qeydləri gözləyir. Azərbaycan bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri Ermənistana təqdim edib. Ancaq Ermənistan heç bir cavab gəlməyib.

Fransanın Cənubi Qafqazda çox destruktiv rol oynadığını bildirən cənab Prezident bildirmişdir ki, Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək.

Cənab Prezident İlham Əliyev Azərbaycanın sülh müqaviləsinin bağlanmasına tam hazır olduğunu bildirərək demişdir: “Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti