...

XI Qlobal Bakı Forumu artıq beynəlxalq platformaya çevrilib - Rauf Əliyev

Siyasət Materials 16 Mart 2024 12:09 (UTC +04:00)
XI Qlobal Bakı Forumu artıq beynəlxalq platformaya çevrilib - Rauf Əliyev

Bakı. Trend:

Mart ayının 14-də Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakı şəhərində keçirilən tədbir Gülüstan sarayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib.

XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları iştirak edirdi. Bu da öz növbəsində Forumun nəhəng intellektual potensialından xəbər verir. Martın 14-də Bakıdakı Gülüstan sarayında açılışı keçirilən forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış etdi və müxtəlif məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirdi. Növbəti illərdə Azərbaycanla əməkdaşlıq edən ölkələrdə bu və ya digər məsələlərlə bağlı dövlətimizin mövqeyi haqqında təsəvvürlər yarandı. Xüsusilə Cənubi Qafqaz regionunda Fransanın ikili siyasəti ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev açıq şəkildə mövqeyini ifadə etdi.

Çıxışı zamanı cənab İlham Əliyev bildirmişdir ki, “Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm. Bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır. Mən buna olduqca təəssüf edirəm, çünki 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub. Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni, etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi. Təəssüflər olsun ki, bundan sonra baş verənləri normal dərk etmək mümkün deyil. Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Nə Fransa hökuməti, nə də Evian meriyasının rəsmiləri tərəfindən buna heç bir reaksiya verilmədi”. Qlobal Forumda Ermənistanın əsas havadarlarından olan Fransanın da regionda yürütdüyü siyasət tənqid edilərək qeyd olunub ki, Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərdə Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlət başçısı cənab İlham Əliyev Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və lokal antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu qeyd etməsi Fransanın ölkəmizə qarşı qərəzli olmasının bariz nümunəsidir.

Çıxışı zamanı cənab İlham Əliyev bildirmişdir ki, - Lakin, əfsuslar olsun ki, 2019-cu ildə Ermənistanın yeni rəhbərliyi “Azərbaycan separatçılarla danışıqlar aparmalıdır, sülh müqaviləsinin əsasını təşkil edən bu vaxta kimi olan bütün məsələlər sıfırlanmalıdır və hər şey yenidən başlanmalıdır, Ermənistan işğal olunmuş ərazilərin bir santimetrini belə qaytarmayacaq” kimi tamamilə qəbuledilməz təkliflər irəli sürdü. Bundan əlavə, Ermənistanın baş nazirinin məşhur “Qarabağ Ermənistandır” şüarı səsləndi. Birincisi, bu, beynəlxalq hüquqa tamamilə zidd idi və ikincisi, bizim torpaqları əbədi saxlayacağını hesab edən ölkə üçün həddindən artıq iddialı bir addım idi. Qeyd etmək lazımdır ki, işğalçı Ermənistan tərəfindən Azərbaycanın torpaqları qeyri-qanuni işğalın qurbanı olduğu halda bütün beynəlxalq təşkilatlar bu haqsızlığa göz yumurdu. Ölkə başçısı cənab İlham Əliyevin güclü siyasi iradəsi, balanslaşdırılmış siyasəti və Müzəffər Ordumuzun potensialı, güclü hərbi imkanları və xalqın birliyi Azərbaycana Zəfər qazandıra bildi.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti