...

Azərbaycanın sabiq iqtisadi inkişaf naziri aclıq aksiyasını davam etdirir

Cəmiyyət Materials 4 Fevral 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın sabiq iqtisadi inkişaf naziri aclıq aksiyasını davam etdirir.

Bu barədə bazar ertəsi Trend ə Fərhad Əliyevin vəkili İsaxan Aşurov məlumat verib.

Sabiq nazir yanvarın 31-də imzaladığı və mətbuatda dərc olunmuş bəyanatında həmin gün gecədən başlayaraq 48 saat müddətinə aclıq elan etdiyini bildirib. O, öz həkimi tərəfindən, yaxud başqa həkimlər tərəfindən, amma vəkillərinin iştirakı ilə hərtərəfli müayinə aparılmasını və müalicəsi üçün şərait yaradılmasını tələb etdiyini və qısa müddət ərzində bu baş verməsə, fasiləsiz aclığa başlayacağını vurğulayıb.

Vəkil bildirib ki, bu gün onunla görüşmək üçün MTN-in İstintaq Təcridxanasında olsa da, sabiq nazir görüşə gəlməyib. Vəkil deyib ki, Əliyev ona məktub göndərib və həmin məktubunda bir litr yarım su istəyib. "Məktubun yazılışından görünür ki, halsız vəziyyətdə olan şəxs tərəfindən yazılıb. Onun bizdən su istəməsi aksiyanı davam etdirdiyinə işarədir" -deyə vəkil vurgulayıb.

Aşurov bildirib ki, sabiq nazirin səhhəti səhər saat 5-6 radələrində pisləşdiyi üçün onun kamerasına həkim çağırılıb.

Vəkil bu barədə İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdiyini deyib.

Əliyev həbs olunduğu vaxtdan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev vəkilin verdiyi məlumatın araşdırılacağını və məlumat veriləcəyini deyib.

Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib və sonradan ona qarşı iqtisadi cinayətlərdə iştirakı ilə bağlı ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti