...

Akademik Mir-Məmməd Cavad-zadənin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 3 İyun 2017 11:55 (UTC +04:00)
Bu gün Bakıda akademik Mir-Məmməd Cavad-zadənin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Akademik Mir-Məmməd Cavad-zadənin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakıda akademik Mir-Məmməd Cavad-zadənin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Uroloqlar Assosiyasının prezidenti Samir Cavad-zadə bildirib ki, Azərbaycanın yeni tarixi məhz ulu öndər Heydər Əliyevlə başlayıb və əlavə edib: "Beynəlxalq konfransda müzakirə olunacaq mövzular urologiya üçün çox vacibdir. Azərbaycan urologiyasının inkişafı üçün mühüm addımlar atılmalıdır. Bunun üçün birgə əməkdaşlıq da çox əhəmiyyətlidir".

Konfransda iştirak edən Rusiyanın Urologiya və İnvaziv Radiologiya İnstitutunun direktoru Oleq Apolixin 30 il əvvəl Bakıda olduğunu söyləyib: "Bu müddətdə Bakı çox dəyişib. Bakı həmişə isti, çoxmillətli şəhər olub. Ötən müddətdə bu istilik daha da artıb".

Mir-Məmməd Cavad-zadənin adının Bakıda urologiya üzrə fəaliyyət göstərən xəstəxanaya verilməsini onun fəaliyyətinə verilən ən yüksək qiymət kimi dəyərləndirən O.Apolixin bildirib ki, Cavad-zadə çox yüksək səviyyəli mütəxəssis olub və onun fəaliyyəti gənc həkimlər üçün örnək ola bilər.

O.Apolixin bildirib ki, ölkələrimiz arasında urologiya sahəsindəki əməkdaşlıq davam etməlidir: "Ölkələrimiz arasında olan əlaqələr səhiyyə sahəsində də davam etməlidir. Belə əlaqələri bizim gözəl məktəblərin yaradıcısı olan alimlərimiz yaradıb. Biz bu əlaqələri davam etdirməliyik".

Beynəlxalq konfransda iştirak edən Rusiyanın Elmi-Tədqiqat Onkologiya Mərkəzinin nümayəndəsi Vsevolod Matveyev deyib ki, Rusiya ilə Azərbaycan arasında urologiya sahəsində yüksək səviyyəli əlaqələr var və bu əməkdaşlıq on illərlə davam edir: "Bu əməkdaşlığın bünövrəsini Cavad-zadə kimi mütəxəssislər qoyub. Bu şəxslər urologiya sajəsində liderdirlər və urologiyanın inkişafında mühüm rol oynayıblar".

M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev isə bildirib ki, urologiya və nefrologiya elmin ən gənc sahələrindədir.

Onun sözlərinə görə, əvvəllər urologiya problemləri ilə ümumi cərrahlar məşğul olublar. F.Babayev qeyd edib ki, Azərbaycanda urologiyanın problemləri ilə ilk dəfə akademik Mirəsədulla Mirqasımov məşğul olub: "Təsadüfi deyil ki, Cavad-zadənin ilk müəllimi də M.Mirqasımov olub".

F.Babayev qeyd edib ki, urologiya sahəsində bir çox yeniliklərin tətbiqinə səbəb olan M.Cavad-zadənin adı Azərbaycanda həm də ilk hemodializin tətbiqi ilə də bağlıdır: "Zaqafqaziyada ilk dəfə böyrəkköçürmə əməliyyatı onun iştirakı ilə aparılıb və bununla da Azərbaycanda transplantologiyanın əsası qoyulub. O, urologiya elmində yeni istiqamətin təməlini qoyub. 1974-cü ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunmuş və ömrünün sonunadək bu instituta rəhbərlik edən Cavad-zadə 45 il ərzində tibb kadrlarının hazırlanması və təkmilləşdirilməsi işinə öz layiqli töhfəsini verib. Akademikin fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilib".

Qeyd edək ki, beynəlxalq konfrans iştirakçıları toplantıdan əvvəl Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını və akademik Mir-Məmməd Cavad-zadənin məzarını ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti