...

“Beynəlxalq Jurnalistika Məktəbi”nə qəbul başlayıb

Cəmiyyət Materials 8 Dekabr 2017 17:52 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinə start verilir.
“Beynəlxalq Jurnalistika Məktəbi”nə qəbul başlayıb

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinə start verilir.

Universitetdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində həyata keçiriləcək 10 təlimdə beynəlxalq jurnalistikaya həvəs göstərən tələbələr müxtəlif sahələr üzrə bilik və bacarıqlara yiyələnəcəklər. Burada beynəlxalq jurnalistika anlayışının mahiyyəti, xarici və yerli informasiya agentlikləri, beynəlxalq jurnalist təşkilatlarının fəaliyyəti, xarici media sistemləri, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi, informasiya müharibəsi və başqa mövzular üzrə təlimlər keçiriləcək, praktik məşğələlər aparılacaq. Məktəbin dərslərini beynəlxalq jurnalistika sahəsində nəzəri və təcrübi biliklərə malik yerli və xarici təlimçilər aparacaq.

“Beynəlxalq Jurnalistika Məktəbi”nin məzunu olmaq istəyənlər bu linkdən

https://docs.google.com/forms/d/e/1FAIpQLSdH73pXWHuQeeSspi_k33EKy9cbGCUsDyewTmIe45i8qjuxrQ/viewform forma doldurub qeydiyyatdan keçə bilərlər. Müraciət üçün son tarix 15 dekabrdır. Qeyd edək ki, 10 təlimin hamısında iştirak edən məzunlar sertifikata layiq görüləcəklər. Layihənin rəhbərləri - Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu, Beynəlxalq jurnalistika kafedrasının dosentləri - Pərvanə İbrahimova, Vəfa İsgəndərova, koordinatorları isə həmin kafedranın doktorantı Nərminə Əsədova və magistrı Nurlan Ağadır. Layihəyə təşkilati dəstəyi Beynəlxalq jurnalistika kafedrası və Tədris-teleradio studiyası verir. Onu da qeyd edək ki, təlimçilərin çıxışları və mövzularla bağlı praktik məşğələlər kitab şəklində nəşr ediləcək və məktəbin məzunlarına, gələcək layihə iştirakçılarına, o cümlədən beynəlxalq jurnalistika kafedrasının magistrlarına hədiyyə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti