...

Azərbaycanda İHUB-un 70 illik yubileyi ilə bağlı 1 illik kampaniyaya start verilir

Cəmiyyət Materials 14 Dekabr 2017 14:55 (UTC +04:00)
Azərbaycanda İHUB-un 70 illik yubileyinin qeyd edilməsi ilə bağlı bir illik kampaniyaya start verilir.
Azərbaycanda İHUB-un 70 illik yubileyi ilə bağlı 1 illik kampaniyaya start verilir

Bakı. Trend:

İnsan Hüquqlarına dair Universal Bəyannamənin (İHUB) 70 illiyi ilə əlaqədar bu gün Azərbaycanda bir il davam edəcək kampaniyaya start verilir.

Bu barədə Trend-ə BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Tədbir 10 dekabr İnsan Hüquqları Gününün qeyd edilməsi çərçivəsində təşkil olunub.

Kampaniyanın üç əsas hədəfi var: təşviq etmək, iştirak etmək və düşünmək. Kampaniya, bütün dünyada geniş auditoriya bazasını cəlb etmək; Universal Bəyannamənin bizim hamımızı necə gücləndirməsi haqqında anlayışı təşviq etmək; və hər gün hər birimizin hüquqlarını müdafiə etməyin yolları barədə düşünmək məqsədi daşıyır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbir dövlət qurumları, Milli Məclis, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elmi dairələr və kütləvi informasiya vasitələrinin 50-dən çox nümayəndəsini bir araya gətirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib: "Dünyada 500-dən artıq dildə mövcud olan və ən çox tərcümə olunan Universal Bəyannamə elan edildiyi gün olduğu kimi bu gün də eyni aktuallığa malikdir. Dünyanın müxtəlif bölgələrindən olan hüquq və mədəni sahələrin təmsilçiləri tərəfindən işlənib hazırlanmış İHUB bütün xalqların və bütün millətlərin ümumbəşəri dəyərləri və ümumi nailiyyət standartlarını müəyyənləşdirir."

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı professor Aytən Mustafazadə Azərbaycanda insan hüquqlarının qorunması tarixindən və inkişaf yolundan danışıb. O, həmçinin insan hüquqlarına, müasir dünyada sülhə, əmin-amanlığa olan təhdidlərdən, terror, separatizm, ekstremizm və ekoloji fəlakətlər kimi risklərdən qorunma problemlərindən, beynəlxalq təşkilatların, xüsusən də BMT-nin bu işlərdə vacib rolundan bəhs edib.

İHUB-un 70 illik yubileyi ərəfəsində Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş hər kəsi İHUB maddələrini 100-dən artıq dildə təşviq etmək və yaymaq məqsədilə yaradılmış "Səsini Əlavə et" layihəsində iştirak etməklə, insan hüquqlarının müdafiəsinə qalxmağa çağırıb. "Səsini əlavə et", insanlara İHUB-un maddələrini öz dillərində oxumaqla video-çəkiliş aparmağa və bunu sosial mediada paylaşmağa imkan verən onlayn platformadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti