...

Könül Nurullayeva Nizami rayon sakinlərini narahat edən problemləri açıqlayıb

Cəmiyyət Materials 23 Noyabr 2021 11:27 (UTC +04:00)
Könül Nurullayeva Nizami rayon sakinlərini narahat edən problemləri açıqlayıb

Bakı. Trend:

2022-ci ilin dövlət büdcəsinin də sosialyönümlü olması əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə zəmin yaradır.

Milli Məclisin deputatı Könül Nurullayeva belə deyib.

Bakı şəhərinin Nizami rayon sakinlərini narahat edən problemlərə toxunan millət vəkili bildirib ki, rayon ərazisində yeni yolötürücü qovşaqlar, yollar, yeraltı tunellər, tibb müəssisələri, elektrik yarımstansiyaları tikilib, Qarabağ müharibəsi veteranları və şəhid ailələri mənzillərlə təmin olunub, yeni infrastruktur layihələr icra olunmaqdadır. Lakin bununla yanaşı, Nizami rayonu 24 saylı birinci seçki dairəsi ərazisində yaşayan şəxsləri narahat edən, uzun illər müxtəlif səbəblərdən həll edilməmiş bir sıra problemlər hələ də qalmaqdadır.

“Nizami rayonu Keşlə qəsəbəsində 200-dən çox ailənin yaşadığı P.Fərzəliyev və 50-dən çox ailənin yaşadığı M.Ağayev küçələrinə kanalizasiya xəttinin çəkilməsi, 120-dən çox ailənin yaşadığı A.Mirzəyev, T.Bədəlov, N.Abdullayev küçəsi 4, 15 saylı (Korlar sexi) küçələrində kanalizasiya xətlərinin yenidən qurulmaması sakinləri çox ciddi narahat edir”.
K.Nurullayeva bildirib ki, Keşlə qəsəbəsi ərazisində H.Əliyev prospekti ilə Babək prospektini əlaqələndirən, M.Ə.Sabir küçəsinin genişləndirilməsi də vacibdir.
“Nizami rayon C.Naxçıvanski ,Rüstəmov, Abbasov,Balakişiyev,Ordubadi küçələrində yerləşən binalarda istilik sistemlərinin bərpa edilməsinə maliyyə vəsaitinin ayrılmasına dair daxil olmuş çoxsaylı müraciətlər əsasında Nizami rayonunda mövcud olan binalarda istilik sistemlərinin bərpa edilməsi zəruridir”.

Vaxtı ilə mövcud olmuş Sənaye Tikinti Nazirliyinin 4 saylı Tikinti trestinə məxsus, E.Süleymanov küçəsi 137 və 139 saylı binalarının inşası tamamlansa da istismara verilməyib.

“Nizami rayonu Keşlə qəsəbəsi D.Aslan küçəsi 2 ünvanında yerləşən, 1966-cı ildən istifadəyə verilmiş 278 saylı Uşaq bağçasının fəaliyyəti əsaslı təmir üçün 15 oktyabr 2019-cu il tarixdən dayandırılmışdır. Sadalanan məsələlərin həlli maliyyə vəsaitlərinin ayrılmasını zəruri edir. Ümid edirik ki, bu layihə çərçivəsində həmin problemlər də öz həllini tapacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti