...

Paytaxtın yağış sularının axıdılması sistemi 2 il ərzində müasirləşdiriləcək - Eldar Əzizov

Cəmiyyət Materials 21 Aprel 2025 10:10 (UTC +04:00)
Paytaxtın yağış sularının axıdılması sistemi 2 il ərzində müasirləşdiriləcək - Eldar Əzizov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sözügedən leysan barədə əvvəlcədən xəbərdarlıq almışdıq. Lakin mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Nasos stansiyaları həddindən artıq yüklənmiş, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirmişdir. Bu isə onu göstərir ki, şəhər infrastrukturu – ilk növbədə kanalizasiya sistemi – yeni yanaşmaları zəruri edir.

Trend xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Eldar Əzizov bildirib ki, ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və aidiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib:

“Bir müddət öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək”.

İcra başçısı vurğulayıb ki, bu kimi problemlər dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur.

“Lakin bizim vəziyyətimizdə obyektiv amil də buna əlavə olunur: mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırkı infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha iki il ərzində hazır olmalıyıq”, - deyə Eldar Əzizov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti