Bakı.Trend:
2026-cı ilin sonuna qədər Ağdamın Başqərvənd və Eyvazxanbəyli kədlərinə əhalinin köçü təmin ediləcək.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ağdam şəhərində bərpa və tikinti işləri sürətlə davam edir:
“İl sonuna qədər 1 268 ailənin Ağdama köçürülməsi planlaşdırılıb. Bu ay ərzində beşinci yaşayış kompleksinin tikintisinə start veriləcək. Sentyabr, oktyabr aylarında isə üçüncü yaşayış kompleksinin tikintisi başlayacaq”.
E. Hüseynov qeyd edib ki, 2026-cı ilin sonuna qədər Ağdama 20 min sakinin köçü planlaşdırılıb:
“İlin sonuna qədər isə Füzulidə yaşayış kompleksinin tikintisinə başlanılacaq. Xocavənd rayonunda da kəndlərin bərpası üzrə işlər davam edir. Hazırda Hadrut və Tuğ kəndlərinə kommunikasiya sistemlərinin çəkilişi aparılır. Xocavənd rayonunun digər kəndlərində isə 1 552 evin təmir olunaraq sakinlərə təhvil verilməsi nəzərdə tutulur”.