...

İran-Azərbaycan iqtisadi əlaqələri genişlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2007 03:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ. Xəlilova/ Azərbaycan-İran ticarət əlaqələrinin inkişafı Azərbaycan iqtisadi inkişaf naziri Heydər Babayevin Bakıda səfərdə olan İran-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İran İslam Respublikasının ölkəmizdəki keçmiş səfiri Əhəd Qəzayinin rəhbərlik etdiyi cəmiyyət üzvlərindən ibarət nümayəndə heyəti ilə dünən axşamkı görüşünün mövzusu olub.

İqtisadi inkişaf nazirliyi mətbuat xidmətindən Trend ə verilən xəbərə görə Babayev qeyd etdi ki, bu gün Azərbaycan-İran ticarət əlaqələri inkişaf etməkdədir, İran sahibkarlarının Azərbaycan iqtisadiyyatına marağı böyükdür. Nazirin sözlərinə görə, Azərbaycan qonşu İranla iqtisadi sahədə əməkdaşlığa xüsusi önəm verir.

Qəzayi İran prezidenti Mahmud Əhmədinejadın bu yaxınlarda Azərbaycana səfərinin iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd etdi. İran-Azərbaycan Dostluq Cəmiyyətinin yaranması və fəaliyyəti barədə məlumat verən Qəzayi bildirdi ki, cəmiyyətin yaradılmasında əsas məqsəd İranın işgüzar dairələrinə Azərbaycan iqtisadiyyatı, investisiya mühiti barədə ətraflı məlumatın verilməsidir. O Azərbaycan-İran Dostluq Cəmiyyətinin yaradılmasının əlaqələrin genişlənməsi baxımından faydalı olacağını bildirərək azərbaycanlı iş adamlarını ölkəsinə dəvət etdi.

Görüşdə həmçinin İranda istehsal edilən tikinti materiallarının ölkəmizdə satışının təşkil olunması üçün xüsusi ticarət mərkəzinin yaradılması da təklif olundu.

İran nümayəndə heyətinin təkliflərini razılıqla qarşılayan İqtisadi İnkişaf Naziri bu sahədə imkanların araşdırılacağını bildirdi.

Xəbər lenti

Xəbər lenti