...

Azərbaycan-Türkiyə sığorta şirkəti 2011-ci ildə aktivlərini artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2011 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan-Türkiyə sığorta şirkəti "Başak İnam" 2011-ci ilin sonunadək aktivlərini altı milyon manata yaxın səviyyəyədək artırmağı planlaşdırır. Bu barədə şənbə günü Trend-ə şirkətin idarə heyətinin sədri Orxan Həsənov məlumat verib.

Şirkətin balans hesabatına görə, 2010-cu ildəki fəaliyyətinin yekunları üzrə onun aktivləri 2009-cu ilin sonundakı 3,742 milyon manata qarşı 5,203 milyon manat təşkil edib.

İlin yekunları üzrə şirkətin uzunmüddətli aktivləri 2,22 milyon manat, qısamüddətli aktivləri isə 2,983 milyon manat təşkil edib. Şirkətin məcmu kapitalı 2,163 milyon manatdan 3,645 milyon manatadək artıb. Belə artım "Basak İnam Sığorta Sirkəti"nin nizamnamə kapitalının 1,6 dəfə artaraq 3,25 milyon manata çatdırılması nəticəsində təmin olunub.

"Bu gün bazarda nağd pul problemi var. Ona görə də müştərilər qismən sığortalanmaya diqqət yetirirlər ki, bu da sığorta şirkətlərinin məcmu kapitalının azalmasına gətirib çıxarır", - Həsənov bildirib.

Yeri gəlmişkən, onun sözlərinə görə, bu il "Başak İnam Sığorta"nın nizamnamə kapitalının səhmdarların vəsaitləri hesabına hazırkı 3,5 milyon manatdan dörd milyonadək artırılacağı proqnozlaşdırılır.

"İlin birinci yarısının yekunları üzrə yığımlar 1,5-1,6 milyon manat, ödənişlər isə 600 min manat təşkil edib. İlin sonunadək yığımların dörd milyonadək artırılacağı proqnozlaşdırılır, lakin 3,5 milyon manat daha real rəqəmdir", - Həsənov bildirib.

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, 2010 -cu ildə şirkətin yığımları 2,6 milyon manat, ödənişləri isə 1,5 milyon manat təşkil edib.

"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən "Başak Sığorta AŞ" və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi "İNAM" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta" QSC adı altında təsis edilib.

Sonradan bu ortaqlığa "AzərTürkBank" ASC də qoşulub. 2006-ci ildən isə 111 il əvvəl Fransada yaradılmış, hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, "A+: Standard & Poor's" reytinqli GROUPAMA SA "Başak Sığorta AŞ"ni almaqla şirkətin ortaqları siyahısına qatılıb.

İyulun 9-na olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti