...

Bakıda əməkdaşlıq üzrə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının ikinci iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir A.Axundov/

2011-ci ilin noyabr-dekabr aylarında Bakıda ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi gözlənilir. Bu barədə çərşənbə günü Hindistanın Azərbaycandakı səfiri Debnat Şou deyib.

Komissiyanın birinci iclası 2009-cu ildə keçirilib. Hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur.

Çərşənbə günü Bakıda "Hindistanda investisiya qoyuluşları və biznesin aparılması" mövzusunda Azərbaycan-Hindistan biznes forumu keçirilib. Diplomatın qeyd etdiyinə görə, iki ölkənin biznes ictimaiyyətinin belə görüşlərinin təşkili ticarət dövriyyəsinin artırılmasında mühüm rol oynayır.

"Ötən il ölkələr arasında ticarət dövriyyəsi 330 milyon dollar təşkil edib, lakin 2011-ci ilin artıq ilk beş ayı ərzində bu səviyyə keçilib", - Şou bildirib.

2005-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi cəmi 56 milyon dollar təşkil edirdisə, beş il ərzində o, altı dəfə artıb.

"Mal dövriyyəsinin böyük hissəsi Azərbaycandan Hindistana neft məhsullarının ixracının payına düşür. Qeyri-neft sektoru məhsullarının payına təxminən 50 milyon dollar düşür. Biz bu payı əsasən Azərbaycana ət, çay, tibbi ləvazimatlar və geyim kimi ənənəvi hind mallarının ixracı hesabına artırmaq istəyirik", - diplomat qeyd edib.

Azərbaycan və Hindistan arasında ticarət münasibətlərinin əsası 1992-ci ildə qoyulub.

İki ölkənin işgüzar dairələrinin daha sıx əməkdaşlığı üçün martda Azərbaycan Milli Sahibkarlar Konfederasiyası və Hindistan Ticarət-Sənaye Palatası Federasiyası - FICCI arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Xəbər lenti

Xəbər lenti