...

Bakıda qeyri-dəqiq reklamların yayımı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 20:02 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 520 ünvanında Mehmet Akbala məxsus mağazada aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub.
Bakıda qeyri-dəqiq reklamların yayımı dayandırılıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 520 ünvanında Mehmet Akbala məxsus mağazada aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub. Bu barədə cümə günü Trend-ə nazirlikdən məlumat verilib.

Belə ki, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə "Bütün geyimlərə 70% endirim" sözləri yazılsa da, mağazada satılan 3 çeşiddə geyimə ümumiyyətlə endirim tətbiq edilmədiyi müəyyən edilib.

Bundan başqa, mağazada satışda olan və etiketlərində əvvəlki və hazırki qiymətlər göstərilmiş 16 çeşiddə geyimə isə 70%-dən az, yəni 30-65% endirim tətbiq edildiyi aşkar olunub.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

Bakı şəhəri, Səbail rayonu, N.Rəcibəyli küçəsi, ev 16 ünvanında Lijun Yinə məxsus qadın çantası mağazasında aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub. Belə ki, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə "Yeni kolleksiya 50%, 20% endirim" sözləri yazılsa da, mağazada satılan heç bir mala endirimin tətbiq edilmədiyi müəyyən olunub.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində, mağazanın pəncərələrində yerləşdirilmiş istehlakçıların seçmə sərbəstliyinə təsir göstərməklə istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti